Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün sosial şəbəkələrdə istifadəçilərə qrup çatlarına gələn çoxsaylı lazımsız dəvətlərlə bağlı araşdırmalar aparmağa başlayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Nazirliyin Elektron Təhlükəsizlik Mərkəzindən verilən məlumata görə, artıq bununla bağlı mərkəzə bu gün çoxsaylı müraciətlər daxil olub. Bu istiqamətdə aparılan araşdırmaların nəticələri yaxın vaxtlarda açıqlanacaq.
Mərkəzin məsləhətçisi Leyla Əliyeva bildirib ki, istifadəçilərə qrup çatlarına gələn dəvətləri virus hesab etmək olmaz. Bunlar spam mesajlardır: “Virus tamamilə başqa anlayışdır. Hər hansı bilmədiyimiz linkə keçid aldıqda, oradan kömpüterə hər hansı fayl köçürüldükdə kompüterin sıradan çıxması və ya hansısa məlumatın hara isə ötürülməsi virus nəticəsində olur. Virusun yayılması o halda mümkün olardı ki, “Feysbuk” sosial şəbəkəsində hansısa boşluq olsun. Bunlar isə spam mesajlardır. Sadəcə olaraq, insanlar diqqətsizlik edərək tanımadıqları linklərə daxil olurlar. Bunun sayəsində hara isə yönləndirilirlər və nəticədə onların adından nə isə yayılır”.
Mərkəzin məsləhətçisi qeyd edib ki, təxminən 1 il olar ki, "Feysbuk"da belə spam mesajların qarşısı alınmışdı: “Bir il əvvələ nəzər salsaq görərik ki, bu, Azərbaycana qarşı deyil, bütün kütləyə, dünyaya qarşı yönəlib. Bu, beynəlxalq səviyyədə baş vermiş hadisədir. Çoxdan idi ki, bu məsələ aktual deyildi. İnsanlar artıq xəbərdar idilər ki, bunlar spamdır və onlardan ziyan gələ bilər. İndi artıq insanların unutmasından, xəbərdar olmamasından istifadə edib bunu yenidən yaymağa başlayıblar”.
L.Əliyeva deyib ki, spamların gəlməsi “Feysbuk”da texniki baxımdan hər hansı boşluğun olmasından irəli gəlmir. Onun sözlərinə görə, spam mesajların əsas məqsədi istəmədiyi halda istifadəçinin adından nə isə bir şey yaymaqdır: “Adətən, bizə tanımadığımız adamlardan reklam tipli məlumatlar gəlir. Biz onu açanda görürük ki, bu, hansısa reklam və ya təklifdir, yəni arzuolunmaz məlumatdır”.
Mərkəz məsləhətçisinin sözlərinə görə, spam mesajların qarşısını almaqdan ötrü onlar gələn zaman görünən keçidlərə daxil olmaq, tanımadığımız insanlardan gələn "e-mail"lərə cavab yazmaq, fayları açmaq, konfidensial məlumatları tanımadığınız adama təqdim etmək lazım deyil: “Siz elə bilirsiniz ki, bu mesajlar “Feysbuk”dan yayılır. Amma həmin mesajlarla göndərilən keçidlərə daxil olanda tamamilə başqa saytı görmək olur. Başqa bir pəncərə açılır, oradan da fayllar açılır və başqa yerə yönləndirilirsən. İstifadəçi bu faylın “Feysbuk”dan, yoxsa başqa bir saytdan gəldiyini bilmir”.