Əzrayıl seçki qutusunda olmur, Gültəkin Hacıbəyli

Əzrayıl seçki qutusunda olmur, Gültəkin Hacıbəyli

Azər Niftiyev

Trend informasiya agentliyinin baş redaktor müavini

“Andreas Herkel yalnız o seçkilərdən razı qala bilər ki, həmin seçkilərin qalibi müxalifət olsun. Ola bilər ki, hansısa qərəzli beynəlxalq təşkilat ölkəmizin əleyhinə hesabat yayır. Ancaq obyektivlik hissini itirməyən beynəlxalq qurumlar seçkilərin demokratik keçiriləcəyinə dair rəy verirlər. Heç kim şübhə etməsin ki, Azərbaycanda keçiriləcək seçkilər şəffaf olacaq. Mən buradan üzümü qərəzini gizlədə bilməyən diplomatlara tutub, onları heç olmasa bir az vicdanlı və ədalətli olmağa dəvət edirəm”.

“Bizi seçki yox, Milli Məclisə növbəti təyinatlar gözləyir. Qutuya Cəbrayıl girir, amma yerinə Əzrayıl çıxır. Seçkidə iştirak etmək saxtakarlığa demokratik don geyindirməkdir. Artıq seçkilər keçirilib, siz hansı seçkilərdən danışırsınız, seçiciləri sayan var ki? Onlara kim lazımdır, onlar da deputat olacaq. Məncə, formal xarakter daşıyan ədalətsiz seçkilərdə iştirak etməmək ən azından özünə hörmət qoymaq deməkdir”.

Nə qədər paradoksal olsa da, hər iki fikrin müəllifi bir adamdır – Gültəkin Hacıbəyli. Birini deputat olanda müstəqil qəzetlərdən birinə, digərini isə bu günlərdə Əli Kərimlinin “Azadlıq” qəzetinə bildirib.

İnsan psixologiyasının mahir bilicisi Ziqmund Freyd şəxsiyyətin böhranı ilə bağlı məqaləsində qeyd edir ki, insan öz-özünü təkzib edirsə, “Zaman hər şeyi unutdurur” tezisi ilə vaxtaşırı özünün əksinə çıxırsa, o, artıq tükənib və nə söylədiklərinin, nə də fəaliyyətinin heç bir mənası yoxdur.

Əslində tükənən tək Gültəkin Hacıbəyli deyil. Əli İnsanov, Hüseyn Abdullayev, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Cəmil Həsənli və digərlərinin hesabına siyahını uzatmaq da olar. Necə deyərlər, taylı tayını tapar. Görünür, Freyd ya bu adamları tanıyırmış, ya da şəxsiyyət böhranı keçirən hər kəsdə oxşar əlamətlər olduğunu bilirmiş. Elədirsə, psixoloqun fikirlərinin davamına nəzər yetirmək və onun məntiqinə söykənərək, bitdiyi üçün “xainlərə” əhəmiyyət verməmək də olardı.

Amma bir məqam var ki, siyasi riyakarlığı, siyasi hərracı özünün həyat tərzinə çevirən, “Bağda ərik var idi, salaməleyk var idi, bağda ərik qurtardı, salaməleyk qurtardı” devizini rəhbər tutan “siyasətçilər” açıq-açığına yalan danışaraq cəmiyyəti çaşdırmağa çalışırlar. Əgər seçkilər həqiqətən belə saxta keçirilirdisə, ay Gültəkin xanım, niyə iki dəfə deputat olduğun vaxt bunu bircə dəfə olsun dilinə gətirmədin?! Yoxsa həm seçicilərin, həm də mənsub olduğun siyasi düşərgənin etimadını itirməkdən qorxurdun? Belədirsə, cəsarətsiz adamın siyasətdə nə işi var?!

Gütləkin Hacıbəyli özünü ifşa edir. Keçmişindən imtina edir. Keçmişindən imtina edənlərin isə bu günü və gələcəyi ola bilməz. Çünki bu gün, sabah yenə keçmiş olacaq. O, yenə də keçmişindən imtina edəcək. Beləcə həyatını sürəcək. Ziddiyyətli açıqlamaları, xəyanətkar mövqeyi ilə düşündüyü kimi, cəmiyyətin rəğbətini yox, nifrətini qazanacaq.

Əlavə şərhə ehtiyac yoxdur. Çünki tarix və onun canlı şahidləri heç nəyi və heç kimi unutmur. Necə deyərlər, hər şey elin gözü qabağındadır. Ən böyük tərəzi də məhz odur.

Xəbər 4629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR