Xəbər verdiyimiz kimi, rejissor Şahin Zəkizadə bir müddətdir qan xərçəngi xəstəliyindən əziyyət çəkir.
Hazırda B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda yatan rejissor müalicəsinin ilkin mərhələsini keçir. Ş.Zəkizadənin müalicəsi üçün həm qan, həm də külli miqdarda pul tələb olunur.
Aktual.az xəbər verir ki, axşam.az əməkdaşları xəstəxanada olan rejissora baş çəkib.
Ş.Zəkizadənin qısa müsahibəsini təqdim edirik:
- Son günə qədər media sizin yeni işlərinizi, fotolarını işıqlandırırdı. Qəfildən xəstəlik xəbəriniz yayıldı. Bu proses çoxdan davam edir, yoxsa elə siz də qəfil xəbər tutdunuz?
- 14 gündür xəstəydim, elə bildim soyuqdəymədir. Sonra halsızlaşdım, düşündüm ki, yəqin immunitetim aşağı düşüb. Sonra başladı ağzımdan yaralar çıxmağa, məni incitməyə. Bir gün halım lap pisləşdi, hətta ürəyim getdi. Ondan sonra düşündüm ki, ciddi problemdir, dostumla həkimə gəldim. Analizlərdən sonra qandakı leykositlərin çox olduğu aşkarlandı. İnanmayıb, dostumun baş həkim olduğu digər klinikaya üz tutdum. Burada da eyni diaqnoz qoyuldu. Daha sonra analizləri İrana göndərdik, oradan cavab gəldi ki, təcili həkim nəzarətinə alınmalıdır, hər an qanaxma ola bilər. Ötən həftənin şənbə günündən burada xəstəxanadayam, diaqnozum məlumdur: qan xərçəngi. Kəskin formasıdır, amma müalicəyə tabe olacaq tipidir.
- Bildiyimiz qədəriylə xəstəliyin bu forması əməliyyatla yox, ancaq müalicə tələb edir...
- Allahın məsləhətidir... 7-8 ay müalicə olunmalıyam. Bu o demək deyil ki, yataq xəstəsi olacağam. Bir kurs müalicəmi keçib, növbətisinə gedəcəyəm. Hər şey Allahın əlindədir. Əsas odur ki, insan psixoloji sınmasın. Özümü sındırmıram. Düzdür, bir insan kimi mənə də təsir edir ki, sağlam olduğum halda necə belə xəstəliyə düçar oldum. Amma yenə də, çalışıram özümü dik tutum.
- Ağır günlərdə insanın gözü qapıda olur. Ən böyük yardım mənəvi dəstəkdir. Sizi kimlər yada saldı, kimlər heç zəng də vurmadı?
- İllərlə məni heç yada salmayanlar da zəng edir, maraqlanır. İnsan kimdənsə küssə də, əsəbi olsa da, bu vəziyyətdə hər şeyi unudursan. Yada salanlar hədsiz çoxdur. Neçə gündür sosial şəbəkələrdən uzaq idim. Bu gün girmişəm, görürəm, nə qədər adam yazır, dəstək olur. Heç kimin nəzərindən çıxmamışam. Mənəvi dəstək də mənə ruh verir.
- Müalicə üçün həm də böyük məbləğ tələb olunur...
- Bu xəstəliyin hər növü maddiyat tələb edir. İstər Azərbaycanda, istər xaricdə müalicəyə böyük məbləğdə pul lazımdır. İlkin müalicə üçün lazım olacaq müəyyən məbləği ödəyə bilsəm də, sonrasın qarşılaya bilmərəm. Vəsait getdikcə artır. Bunu toplamaq üçün dostlarım yardım etməyə çalışırlar. Hətta bir qrup dostum sənət adamları adından birinci xanım Mehriban Əliyevaya müraciət etməyə hazırlaşırlar. İnşallah, hər kəsin köməkliyi ilə tezliklə ayağa qalxaram. Müalicə Almaniya, Türkiyə və İranda mümkündür.
- Kimyaterapiyalara başlanılıb?
- Hələ hazırlanma prosesi gedir. Bu ərəfədə müxtəlif iynələr, dərmanlar, sistemlər edirlər. Ondan sonra kimyaterapiyaya başlayacağıq. İndi öÖzümü əzgin hiss etmirəm. Əsas odur ki, pozitivəm. İnanıram ki, yaxşı insanların, dostlarımın dəstəyi ilə xəstəliyə qalib gələcəm.
Əldə etdiyimiz məlumata görə, Ş.Zəkizadənin müalicəsinə yüz min manat tələb olunur. Eyni zamanda rejissora qan lazımdır. Qan qrupu 1+ olan şəxslər Qanköçürmə İnstitutuna gedərək, Şahin Zəkizadə adına qan verə bilərlər.
Qeyd edək ki, Ş.Zəkizadənin bir qız, bir oğlan övladı var.
Aktual.az