Evlərin kirayəsi və satış qiyməti niyə ucuzlaşıb? - Video

Evlərin kirayəsi və satış qiyməti niyə ucuzlaşıb?   - Video

Adətən yay aylarında kirayə bazarında passivlik müşahidə olunur. Bu da, öz növbəsində, qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. Ali məktəblərdə dərslərin bitməsi və tələbələrin bir qisminin tətilə getməsi, digər qisminin isə ümumiyyətlə, universitetləri bitirməsi kirayə mənzillərə olan tələbatı azaldır. Həmsöhbətimiz Natiq Ağayev uzun illərdi kirayə mənzil bazarında çalışır. Onun sözlərinə görə, bu il kirayə bazarında ucuzlaşma müşahidə olunur: "Qiymətlər ünvanından asılı olaraq dəyişsə də, bu il birotaqlı mənzillər 150-200 manata kirayə verilib".

Digər müsahibim Mahir Əliyev isə deyir ki, ötən illə müqayisədə də kirayə mənzillər ucuzlaşıb. Ötən il 2 otaqlı mənzilin aylıq kirayəsi 400-450 manat arası dəyişirdisə, bu gün qiymət 250-300 manat təşkil edir: "Yeni tikililərdə iki otaqlı mənzillər 350-400 manatdır. Bir otaqlılar isə 300-350 manatdır. Köhnə binalarda isə qiymət 250-300 manat arasında dəyişir. Yay fəslində qiymətlər düşür. Qışla müqayisədə isə 50 manat fərq olur. Bu gün kirayə mənzil soruşanların sayı demək olar ki, çox aşağıdır. Yəni mənzil çoxdur, amma götürən yoxdur".

Daşınmaz əmlak bazarındakı vəziyyətə gəlincə, Mahir Əliyev bildirir ki, vətəndaşların alıcılıq qabiliyyəti kifayət qədər aşağı düşüb: "Hazırda paytaxtın Yasamal rayonunda 1 otaqlı evlər 40-45 min dollardır. Bir il öncə 65 -70 min idi. Söhbət könhə tikililərdən gedir. Yeni tikililərdə təmirsiz evlərin bir kvadratmetri 800-850 manatdır. Amma bir il il öncə bu qiymət 1000-1200 manat təşkil edirdi. Təmirli evlərin bir kvadratmetrinin qiyməti isə yerləşdiyi əraziyə görə 1000 manatdır. Yeni Yasamalda elə evlər var ki, təmirli evlərdir, kvadratı 900 manatdır. Yəni yeni tikililərdə qiymət artımı var, amma bazarda canlanma yoxdur".

İqtisadçı ekspert Rəşad Əliyev deyir ki, daşınmaz əmlak bazarının dinamikasında yay aylarında aktivlik həmişə aşağı olub. Məhz bu dövrlərdə bazarlarda korreksiya baş verir. Bazarda makroiqtisadi şəraitə görə bu sahəyə tələbat azalır. Onun sözlərinə görə, daşınmaz əmlak və kirayə mənzil bazarında aktivlik azalsa da, qiymətlərdə ucuzlaşma olacağı ehtimal olunmur. Çünki ilin əvvəlindən evlərin qiyməti kifayət qədər aşağı düşüb.

"Hazırda bazar üzrə qiymətlər asılmış vəziyyətdədir. Bu isə o deməkdir ki, qiymətin enməsi üçün kifayət qədər səbəb olsa da, dəyişiklik hiss olunmur. Qiymətin qalxması üçün isə heç bir səbəb yoxdur. Hazırda alqı-satqı ilə vəziyyət demək olar ki, öz axarındadır. Qeyri-müəyyənlik davam edir. Satıcıların əksəriyyəti əmlaklarını satmağa tələsmir. Alıcılar da həmçinin. Fevral ayında bank sektorunda böhran yaşananda gözlənti mövqeyində olan bir sıra alıcılar mənzil əldə edə bilib. İkinci devalvasiyadan sonra gözləmə mövqeyində olan alıcılar mənzil aldılar. Elə buna görə də 2016-cı ilin fevral və mart aylarında bazarda aktivlik müşahidə olundu".

Mütəxəssis hesab edir ki, kirayə mənzil bazarında avqustun sonlarından, mənzil və qeyri yaşayış sahələri bazarında sentyabr ayının sonundan aktivlik artacaq.

Kirayə mənzil bazarına gəlincə, yay mövsümündə ancaq bağ evlərinin kirayəsinə tələbat artır ki, bu da qiymət artımına əhəmiyyətli təsir edir.

"Qış vaxtı aylıq kirayə haqqı 300 manat təşkil edən evlərin qiyməti mövsümlə bağlı 400-600 manat arası dəyişir. Bu müvəqqəti xarakter daşıyır, yəni 2-3 ay yüksək qiymət müşahidə olunur. Bu səbəbdən bağ evlərinin kirayə haqqının qalxması normal haldır. Bu, hər il baş verən prosesdir. Bağ evlərindən başqa kirayənin digər seqmentlərinə gəlincə, bu sahədə yayda durğunluq yaşanır. Bu hal bahalı , həm də aşağı keyfiyyətli mənzillərə şamil olunur".

Rəşad Əliyev deyir ki, payız aylarında qiymətlərin necə dəyişməsi isə həmin dövrdə baş verəcək proseslərdən, xüsusilə xarici iqtisadi faktorlardan asılı olacaq. Neftin dünya bazarında qiyməti yüksələrsə, regional, həm də qlobal əmlak bazarlarında canlanma yaranarsa, Azərbaycan bazarında da qiymət artımı ola bilər.

APA.tv

Xəbər 575 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR