Elmdə “uzun müddətli əlaqə”, ya da “evlənmə qorxusu” kimi adlandırılan bağlanma qorxusu, bu qorxunun səbəbləri və qorxunu dəf etmə üsullarını psixoloq Larissa Varol izah edir.
Bağlanma qorxusu həm qadınlarda, həm də kişilərdə istənilən yaş dövründə yaşanılan, onların həyatında müəyyən çətinliklər yaradan, münasibətlərində problemlərə səbəb olan və münasibətlərin uzun müddətli olmasına əngəl törədən psixoloji problemlərdən biridir.
Bağlanma qorxusu ədəbiyyatlarda “uzun müddətli əlaqə”, yaxud “evlənmə qorxusu” kimi də işlədilir. Amerikada aparılan araşdırma nəticəsində məlum oldu ki, son 40 ildə evliliklərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdır.
Bağlanma qorxusunun görünən səbəbləri; azadlıq və cinsi həyatın məhdudlaşdırılmasından, kompromisə getməkdən, ümumi həyat ritminin dəyişilməsindən və maddi yükün altına girməkdən qorxmaqdır. İnsanlar bəzən sadəcə qarşısındakı insanın onun azadlığını əlindən alacağı üçün deyil, qarşısındakı insana həddindən artıq bağlanacağından və bir gün inciyəcəyindən qorxduğu üçün də uzun müddətli münasibətlərdən qaça bilər. Bunun səbəbi isə kiçik yaşda zəruri bağlanmaların yəni, ana və ata ilə sağlam bir yaxınlığın olmaması, kifayət qədər qayğı görməməsi, ya da laqeydliyə məruz qalması ola bilər. Bununla yanaşı ailədə ana və atanın boşanmış olması, uşağın xoş olmayan bir evliliyə şahid olması, ya da insanın daha əvvəl yaşadığı bir münasibətin onu xəyal qırıqlığına uğratmış olması da bağlanma qorxusunu meydana gətirə bilər. Yaxınlıq və bağlanma qorxusu olan şəxslər əlaqələrə etibarsızlıq və əlaqənin müvəffəqiyyətsiz nəticələnəcəyinə dair bir inancla başladıqları üçün bu hisslər və inam təbii olaraq onların davranışlarında da özünü göstərir və münasibətlərin mənfi yönə doğru çevrilməsinə səbəb olur.
Qadınlar niyə bağlanmaqdan qorxur?
Bağlanma qorxusu ilə əlaqədar araşdırmalarda, qadınların boşanma və ya atasız böyümə kimi ailədə meydana gələn incidici vəziyyətlər qarşısında dərindən təsirləndiyi müşahidə edildi. Araşdırmalarda qadının, ehtiyacı olduğu zaman rahatca axtarıb, kömək istəyə biləcəyi bir ata fiquruna sahib olub olmamasının, qadının sonrakı həyatında bağlanma qorxusu ilə birbaşa əlaqəli olduğu sübut edildi.
Bağlanma qorxusunun digər bir psixoloji səbəbi isə insanın keçmişdə yaşadığı travma və stress yaradan hadisələrlə əlaqədar insanlara güvənməkdə çətinlik çəkməsi və özünü davamlı təhlükə altında hiss etməsidir.
Bağlanma qorxusunun öhdəsindən necə gəlmək
Qarşılıqlı empati və anlayışla bağlanma qorxusu və güvənsizlik hissi tədricən yox ola bilər. Qarşılıqlı empati insanın ətrafına qarşı hörmətinin, öyrənmə istəyinin, ətrafına qarşı olan diqqətinin və marağının artmasına kömək edə bilər. Bununla yanaşı qarşılıqlı ünsiyyət və anlayış insanın özünü ətrafındakılara qarşı müdafiə etməsinə son qoymasına və tənhalıqdan yaxa qurtarmasına da kömək edəcək. İnsan zamanla daxili cəhətdən rahatlayacaq və ətrafı ilə ünsiyyət qurmağa özü həvəs göstərəcək. Yəni, daxilindəki qorxu hissi ümidlə əvəz olunacaq.
// Aktual.az