Daha çox pul qazanmaq üçün yol hərəkəti qaydalarını pozurlar, götürdükləri maşınları isə pullu dayanacağa aparırlar
Bir evakuasiya prosesi sürücüyə dördqat ziyan vurur – Səbəbi DYP-dir
Bakıda evakuasiya prosesi ilə bağlı istənilən qədər qanunsuz əməllərə rast gəlmək olur. Evakuator avtomobilində polis əməkdaşı olmaya-olmaya, heç bir akt tərtib edilmədən adi bir sürücü özbaşına olaraq avtomobilləri götürüb aparır. Bəzən qadağanedici nişan olmayan yerlərdən də maşın aparırlar.
Çox vaxt sürücü yanında ola-ola maşını zorla evakuasiya edirlər və buna etiraz edən sürücüləri də PPX ilə hədəyirlər. Hansı ki, qanuna görə, avtomobil hətta evakuatora yüklənmiş vəziyyətdə olsa belə, sahibi yaxınlaşırsa, maşın düşürülməlidir və sürücüyə yerində cərimə tətbiq edilməlidir. Bu barədə dəfələrlə deyilsə də, yazılsa da, evakuator avtomobillərində oturanların qanunsuz əməlləri bitib-tükənmir. Həmin əməllərdən birini Avtosfer.az-ın təqdim etdiyi bu videoda daha aydın görmək mümkündür. Təxminən 3 gün bundan əvvəl 90 JF 114 dövlət nömrə nişanlı evakuator avtomobili Bakının «5 mərtəbə» kimi tanınan ərazisində dayanma-durma qaydalarını pozanların maşınlarını daşımağa başlayıb. Evakuator avtomobilinin Dilarə Əliyeva küçəsindən götürdüyü avtomobilləri hara apardıığı artıq məlumdur. Onlar özbaşına olaraq həmin avtomobilləri yeraltı dayanacağa aparırlar. Burada isə sözsüz ki, avtomobilin dayanması pulludur – bir saatı 1 manat. Sürücünün icazəsi olmadan avtomobili pullu dayanacağa aparmaq yol polisinin hansı səlaşiyyətinə daxildirsə, onu heç kim bilmir. Lakin bir neçə gün əvvəl bu məsələ gündəmə gələrkən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirmişdi ki, nəqliyyat vasitəsi yalnız sürücünün razılığı ilə pullu dayanacağa aparıla bilər. Həmin vaxt söhbət ödənilməmiş cəriməsi olan bir sürücüdən gedirdi. Hansı ki, yol polisi sürücünün razılığı olmadan maşını yeraltı dayanacağa aparmış, 3 gündən sonra sürücüdən 18 manat dayanacaqpulu almışdılar. Eyni vəziyyət evakuasiya zamanı da meydana çıxır. Avtomobili evakuasiya edib pullu dayanacağa gətirirlər. Sürücü cəriməni ödəyib avtomobili götürməyə gəldikdə isə cərimədən başqa yerpulu da ödəyir. Dövlət Yol Polisi İdarəsinin cərimə meydançalarında günlük qiymət 30 qəpikdir. Amma yeraltı dayanacaqda saatı 1 manat hesablanır və sürücünün bütün etirazlarına baxmayaraq pulu ödətdirirlər.
Avtosfer.az-a müraciət edən bir neçə sürücü bildirib ki, yol polisi əməkdaşları bu məsələdə həmin yeraltı dayanacaqla işbirliyi qurub. Belə ki, gün ərzində yol polisləri tərəfindən həmin dayanacağa gətirilən avtomobil sahiblərindən alınan yerpulunun bir hissəsi yol polisi əməkdaşlarına çatır. Əgər doğrudan da belədirsə, bu, çox pis haldır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi həqiqətən də «daha çox maşın, daha çox pul» prinsipi ilə işləmirsə, o zaman yaxşı olardı ki, həmin yeraltı dayanacaqla müqavilə bağlayıb bir neçə yeri icarəyə götürsün və sürücülər də 30 qəpik əvəzinə 5-6 manat ödəməli olmasınlar. Onsuz da, evakuatorun gətirdiyi avtomobilin sürücüsü ən yaxşı halda 40 manat cərimə ödəyir. Üstəlik, yol polisinin səhlənkarlığı və ya düşünmədən etdiyi hərəkət nəticəsində 5-6 manat da ziyana düşür. Bundan əlavə, avtomobili evakuasiya edilmiş sürücü şəmin yerə gəlmək üçün taksidən istifadə edir ki, bu da əlavə olaraq 3-5 manat xərc deməkdir. Burada itirən sürücü olur – həm cərimə ödəyir, həm evakuasiya xərci, həm də taksipulu və yerpulu. Qazanan isə DYP, evakuasiya şirkəti, taksi və yeraltı dayanacaq. Həmin dayanacaqla yol polisinin əlbir işlədiyini qeyd etdik. Çoxdandır belə söhbətlər də yayılıb ki, taksi sürücüləri yol polisi ilə əlbir işləyir. Onlar dayanma-durma qaydalarını pozan sürücü barədə yol polisinə məlumat verir, dərhal evakuator gəlib maşını aparır. Sürücü gəlib maşını axtardıqda isə taksi sürücüsü özünü irəli verib deyir ki, «gəl otur, aparım, bilirəm maşını hara aparıblar». Beləliklə, hamı pul qazanır və geniş bir iş şəbəkəsi formalaşır…
O ki qaldı bu videoya, diqqətli oxucular görürlər ki, evakuator avtomobili Səməd Vurğun küçəsi ilə hətəkətin əksinə gedir. Özü də elə gedir ki, sanki belə də olmalıdır və bu yolu məhz ona görə boşaltmaq lazımdır. Bu vəziyyət hər gün təkrar olunur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin balansında olan bu evakuatorlar sözün əsl mənasında fironluq edir, haradan gəldi keçib gedirlər. Videoda da görünür ki, avtomobili sürüyüb aparan evakuator maşını digərlərinə qəza şəraiti yaradır. Avtomobili isə birbaşa «5 mərtəbə»dəki yeraltı dayanacağa aparır. Səməd Vurğun küçəsi intensiv hərəkət olan küçədir. Burada yolun əksinə getmək olduqca təhlükəlidir. Qanunvericiliyə görə, evakuator avtomobilinin heç bir üstünlüyü yoxdur. O, xüsusi təyinatlı və ya operativ nəqliyyat vasitələri qrupuna da aid deyil. O, sadəcə, yük avtomobilidir. Yəni, Dövlət Yol Polisinin balansında olan yük avtomobili. Belə çıxır ki, DYP özü qanunları pozur, başqalarına qəza şəraiti yaradır. Özü də, hər gün…
Maraqlıdır, DYP deyir ki, yol polisi avtomobili yalnız sürücünün razılığı ilə pullu dayanacağa apara bilər. Amma qanun da deyir ki, dayanma-durma qayadasını pozan avtomobilin sürücüsü yanında ola-ola maşını cərimə meydançasına aparmaq olmaz. Yəni, birmənalı olaraq ortaya çıxan nəticə budur ki, yol polisinin cərimə meydançası əvəzinə pullu yeraltı dayanacağa daşıdığı bu avtomobillərin sürücüləri maşının yanında deyil. Yanında deyilsə, yol polisi sürücüdən necə razılıq ala bilər ki, icazə verin sizin maşınınızı pullu dayanacağa aparaq?
Söhbət hərəkətin təşkilindən və təhlükəsizliyindən gedirsə, bir çox məsələləri nəzərə almaqla yeniliklər etmək lazımdır. Yol hərəkətini pozanlarla mübarizədə əsas hədəf daha çox cərimələmək yox, ədalət prinsipini pozmadan daha təhlükəsiz şərait yaratmaq olmalıdır.
// Avtosfer.az