Azərbaycanda güzəştli ipoteka kreditinin həcmi və güzəştli ipotekadan istifadə hüququ olan şəxslərin kateqoriyası müəyyənləşdirilib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda əksini tapıb.
Qaydaya əsasən ipoteka krediti Azərbaycan manatı ilə olmalıdır və yalnız Azərbaycan vətəndaşına verilə bilər. Kredit 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilməlidir. Eyni zamanda kredit üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir. Kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilməlidir. Kreditin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilir. Maksimal məbləğ Nazirlər Kabinetinin müəyyən etdiyi Bakı şəhəri üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalıdır. Kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunacaq. Güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla). Güzəştli ipotekaya aid olmayan kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır (ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla). O cümlədən poteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən, kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır; Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir. Borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.
Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik gənc ailənin üzvü olan şəxslərin əhatə dairəsi də müəyyənləşdirilib. Bura şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer), elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında" qanununda nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs daxildir. Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Dövlət büdcəsindən ayrılan vəsait yalnız güzəştli ipoteka kreditinin maliyyələşdirilməsinə yönəldilir. Cəmiyyət müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi ilə alır. Kotirovka dərəcəsi Cəmiyyətin Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə müəyyən olunan illik faiz dərəcələrinin 70 faizi səviyyəsində müəyyənləşdirilir. Cəmiyyət hər bir müvəkkil bankdan alınacaq ipoteka kreditinin həcminə limit tətbiq edir. Limitin müəyyənləşdirilməsi qaydasını Cəmiyyətin Müşahidə Şurası təsdiq edir.
"Elektron hökumət" portalında olan "Elektron ipoteka" sistemi fəaliyyətə başlayanadək ipoteka krediti almaq istəyən şəxs Cəmiyyətin rəsmi internet səhifəsi vasitəsilə və ya birbaşa müvəkkil banka gəlməklə ipoteka kreditinin verilməsi üçün müraciət edə bilər. Cəmiyyətin Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.