“Eurovision - 2015” uşaq mahnı müsabiqəsinin Belarus milli seçiminin qalibi, istedadlı həmvətənimiz Ruslan Aslanov noyabrın 21-də Sofiyada keçiriləcək müsabiqədə ən yüksək nəticə qazanmaq əzmindədir.
Aktual.az AZƏRTAC-a istinadla xəbər verir ki, gənc ifaçı bu fikri avqustun 24-də Belarus Respublikasının Milli Dövlət Teleradio Şirkətinin saytında onlayn-konfrans zamanı səsləndirib.
Planlarını bölüşən Ruslan deyib: “İndiyədək respublikanı müxtəlif müsabiqələrdə təmsil etsəm də, budəfəki daha ciddi müsabiqədir. Bu, artıq beynəlxalq səviyyədir. Burada özünü yaxşı tərəfdən göstərməlisən. Respublikamızın necə olduğunu, bizim necə olduğumuzu göstərməlisən”.
Müğənni deyib ki, əvvəllər başqa layihələrdə çıxış edib. Amma hətta Ukraynanın “Səs.Uşaqlar” layihəsində Belarusdan olan bu 13 yaşlı ifaçının superfinalçı olması və “Yeni dalğa - 2014” müsabiqəsində üçüncü yeri qazanması da “Eurovision”un Belarus milli seçimi qədər gərgin olmayıb.
Tamaşaçıların da, münsiflər heyətinin də yüksək qiymətləndirdikləri “Sehr” mahnısı üzərində çalışmasından danışan Ruslan bildirib ki, ona ilk növbədə müəllimi və mahnının bəstəkarı kömək edib, yaxınları və dostları isə dəstəkləyiblər.
Ruslan Aslanov populyar beynəlxalq mahnı müsabiqəsinin Belarus milli seçim mərhələsinin avqustun 21-də keçirilən finalının qalibi olub. Ruslan 6 yaşından oxuyur, “Play Studio”da məşğul olur.