Ötən gün "Eurovision-2016" mahnı müsabiqəsinin birinci yarımfinal iştirakçılarının əsas məşqi keçirilib.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Globen-Arena"da çıxışları münsiflər heyəti izləyib, finala keçəcək 10 ölkənin adını sıralayıblar.
Xatırladaq ki, səsvermə həm münsif, həm də SMS vasitəsiylə bəlli olur. SMS-lər canlı yayımda açıqlanır, münsif səsləri isə bir gün qabaq müəyyənləşdirilir.
Ötən gün həyata keçən müsabiqədə Rusiya münsiflərindən olan Anastasiya Stotskaya "Periscope" səhifəsində Avropa Yayım Birliyi (EBU) qaydalarını pozub. Rusiyalı münsif səhvən canlı yayım edərkən səs verdiyi siyahını göstərib. Siyahıda münsifin Niderland iştirakçısına yüksək bal verdiyi ortaya çıxıb.
Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 14-cü sırada qızılı rəngli geyimlə səhnəyə çıxıb.
Səhhətində ciddi problemi olan müğənni əvvəlki ifalarından fərqli olaraq uğurlu çıxış edib.
Azərbaycanın rəsmi "Eurovision" fan klubu olan "İNFE Azerbaijan" Azərbaycanın final şansının çox az olduğunu, nümayəndə heyətinin ruh düşkünlüyü yaşadığını iddia edib.
Həmçinin, məşhur "Eurovision" xəbərlərini yayımlayan eurovoix.com portalı da belə bir iddia irəli sürüb.
Sayt qeyd edir ki, Səmra Rəhimli Azərbaycanı finaldan məhrum edən ilk müğənni olacaq.
Qeyd edək ki, S.Rəhimli müsabiqədə ölkəmizi "Miracle" mahnısı ilə təmsil edəcək.
"Eurovision 2016"nin birinci yarımfinalı bu gün, ikinci yarımfınalı mayın 12-də, final isə 14-də baş tutacaq.