Əti və qanı Allaha çatmırsa, qurban niyə kəsilir?

Əti və qanı Allaha çatmırsa, qurban niyə kəsilir?

Aktual.az  APA-ya istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini, ilahiyyatçı Cahandar Əlifzadə Qurban bayramının tarixi və mahiyyəti ilə sualları cavablandırıb.  

- Qurban bayramı və ya Dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
 
- İbrahim peyğəmbər Allaha bir övladının olmasını üçün dua edir, Allahla əhd kəsir ki, əgər bu duası qəbul olunarsa, o, həmin övladını Allaha qurban edəcək. Allah sevimli peyğəmbərinin bu istəyini yerinə yetirir, ona oğul verir, İsmayıl dünyaya gəlir. Lakin rəvayətlərə görə, İbrahim peyğəmbər Allaha verdiyi əhdi unudur, müəyyən vaxt keçməsinə baxmayaraq, oğlunu qurban etmir. Həzrəti İbrahim bir gün yuxuda görür ki, oğlunu Allaha qurban edir və əhdini xatırlayır. Oğlu İsmayıla məsələni açıb deyir, onun fikrini öyrənir. Oğlu da cavabında atasına bildirir ki, Allah nə əmr edirsə, onu yerinə yetir, gör mən necə səbir edənlərdən olacağam. Beləcə, ata və oğul Allahın əmrinə böyük təslimiyyətlə tabe olur. Lakin mərhəmətli Allah peyğəmbərə qurban kəsməsi üçün qoç göndərir və Həzrəti İbrahimə oğlunu deyil, qoçu qurban kəsməsini buyurur.
 
- Həzrəti İbrahim və oğlu Allahın əmrinə itaət etməkdə çox səmimi və təqvalı idilər. Bütün ibadətlərin olduğu kimi qurbanın da dərin fəlsəfəsi var. Qurban ibadətinin fəzilətləri haqqında çox danışmaq olar. Mən bir neçə əsas məqamları qeyd etmək istəyirəm. Bunlardan ən əsası insana mənəvi təsirləridir.
 
- "Qurani-Kərim"də buyurulur ki, kəsilən qurbanların nə əti, nə də qanı Allaha çatmaz, Allaha  çatacaq olan yalnız sizin təqvanızdır. Qurban ibadəti bizə Allah yolunda paylaşmağı, kasıblara əl tutmağı öyrədir. 
 
- Qurban Allaha olan sevginin isbatıdır. Yaradana  olan sevgimizi göstərmək üçün bizim üçün dəyərli olanlardan infaq etməliyik.
 
- İslama görə, qurban "Allaha yaxınlaşdıran şey" mənasına gəlir. Bir başqa sözlə ifadə etsək, qurban Allaha yaxınlaşaraq, onun rizasını qazanmaq üçün Qurban bayramı günündə ibadət niyyətiylə və Allahın adıyla kəsilən heyvana deyilir.
 
- Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burada əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".
 
- Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır.
 
- Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür.

Xəbər 695 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR