Son vaxtlar İlqar Məmmədovun "mən də varam” kompleksi əməllicə qabarıb, nevrozu qalxıb, köhnə genetik kodları yenidən aktivləşib və necə deyərlər, adam, əvvəlki, əsl halına qayıdıb!
Ayrıca. Qətiyyən düşünməyin ki, onun əsl halı - saxta olmayan, düzgün, qənaətbəxş haldır. Xeyr!
İlqar - maska taxanda da saxtakardır, həmin maska cırılanda da, tamam çıxarılıb kənara atılanda da .
İlqar - quyruğu qapı arxasında qalıb, dovşan kimi (yəni, gerçək İlqar kimi) davrananda da saxtakardır, dovşanı makiyaj edib şirpələngə çevirmək istəyəndə də, ürkək səsindən nərə effekti yaratmağa cəhd edəndə də...
Sadəcə, arada tək bir fərq var: İlqar, təbii, orijinal olanda, onun qaramat mahiyyəti daha aydın sezilir.
Və üz, iç, ruh cizgiləri daha dəqiq, daha sərrast gözə çarpır.
O gün baxıram, status paylaşıb. Hər cümləsində də minimum 30 hərf səhvi!
Daha dəqiq söyləsəm: Özünün siyasi səhnədəki yeri, duruşu necədirsə, mübtədasının, xəbərinin, zərfinin yeri, duruşu da eyni cürdür. Yəni, tərsə - məssəf, kəllə - mayallaq, baş - ayaq!
Üstəlik, nədən bəhs edir? - Azərbaycançılıqdan!
Təsəvvür edirsinizmi?!
Azərbaycan dilində normal yaza, danışa bilməyən birisi azərbaycançılıqdan bəhs edir!
Ömrü boyunca başı, gövdəsi hansısa beynəlxalq ofislərdən, səfirliklərdən, xarici təşkilatlardan boylanan kəs azərbaycançılıqdan bəhs edir!
Ya da olsun, çəkdiyi videolar...Maksimum 5 adam izləyir, yarım adam da bəyənir!
Amma siz, bir də bunun "guruldamağına”, sərçə ağlı ilə özündən müştəbehliyinə, pafosuna diqqət edin: Tanımayan, bilməyən elə sanar ki, dahi siyasətçi - zaddır, böyük ideyaların daşıyıcısı - filandır...
Yox, İlqar!
Sən, o deyilsən.
Sən - yazılarında və videolarında təqdim elədiyin biri deyilsən!
Sən - avantüristsən!
Sən - qisasını almaq üçün məqam gözləyən fürsətcilsən!
Sən - üzdə imitasiya eləməyə çalışdığın ziyalı, mədəni, modern tipin tam tərsi, tam əksisən!
Sən - öz uğursuzluğunun günahını başqalarında axtaran siyasi səfilsən!
Sən - içi qara niyyətlə, nifrinlə, təkəbbürlə dolu olan xəbissən!
Sən – elə bir nankorsan ki, bütün siyasi partiya rəhbərləri ilə bərabər Qarabağa edilən səfərdə, avtobusdan düşən kimi, "bu günə min şükür” demək, ayağının altındakı torpağı qucaqlayıb öpmək əvəzinə anındaca cibindən telefon çıxarıb, canlı yayım açıb, hakimiyyəti və höküməti tənqid eləmisən! 30 il ərzində məmləkətimizi dağıdan, viran qoyan ermənilərin vəhşiliyi haqda danışmaq, həmin vəhşiliyi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq əvəzinə, orada ucaldılan, yeni tikilən evlərə lağlağı eləmisən. Sıfırdan qurulan infrastrukturun mahiyyətini, miqyasını dərk etmək əvəzinə, soyuqda, qarda, qışda çalışan insanların əziyyətinə, fədakarlığına hörmətsizlik eləmisən!
Qısası, minnətdarlıq əvəzinə riyakarlıq eləmisən!
Sən - elə bir nağılbaz, elə bir xəyalpərəstsən ki, şəxsinlə siyasi dialoq çərçivəsində keçirilən görüşləri, aparılan müzakirələri belə, çox güman, öz gücündən və istedadından qaynaqlanan təzahürat kimi qiymətləndirmisən, görmüsən, qavramısan. Oysa, aydın məsələdir: elə deyil, ay İlqar!Niyə?! Çünki, həmin görüşlər, hətta partiyasının varlığından xəbərsiz olanlarla, partiyasının adını unudanlarla da keçirilib və hər kəsə də eyni hörmət qoyulub. Çünki, bu yanaşma dövlətin mövqeyidir. Çünki bu münasibət, hakimiyyətin humanist təbiətindən və demokratik düşüncəsindən irəli gələn niyyətdir, təşəbbüsdür.
Yaxşı bəs, qarşılığı necə verdin, həmin münasibətə, həmin təşəbbüsə?! Deyim, necə! - Dərhal "havaya” girdin. Özünə vuruldun. Ayağını yerdən üzdün. Göylərdə gəzdin. Eyforiyaya qapıldın. Elə bildin, həqiqətən ciddi adamsan, ciddi siyasətçisən...
Hərgah, bir daha təkrar edirəm və xatırladıram: Başqa cür olmalı, başqa cür daranmalı idin.
Amma olmadın. Ola bilmədin.
Daha dəqiqi: Nataraz və natamam xislətin imkan vermədi ki, ola biləsən...
***
İndi də radikal ünsür, qaraguruhbaşı Əli Kərimli həbsə girib deyə, yəqin onun boş qalan yerini tutmaq istəyirsən...
Tut!
Sən onun azadlıqdakı yerini tut.
O da sənin həbsdəki yerini.
Sonra rotasiya edərsiz...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.