Nurlan onu ağır söyüşlərlə təhqir edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Zamin Məcidlinin (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, ötən il iyulun 12-də Bakının Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı meşəlik ərazidə, zorakılıq əlamətləri ilə Salyan şəhər sakini, 20 yaşlı Nurlan Xudiyevin meyitini aşkar ediblər.
Mərhumu müayinə edən ekspert cavan oğlanın döş qəfəsində bıçaq xəsarətləri olmasını müəyyən edib. RPİ və prokurorluq əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin açılması və törədilməsində şübhəli bilinən şəxsin tutularaq, məsuliyyətə cəlb olunması təmin edilib. Ayın 19-da mərhumla dostluq münasibətlərində olan Bakı ş. sakini, Zamin Məcidli tutulub.
Dindirmə zamanı saxlanılan şəxs mərhumla birlikdə hərbi xidmətdə olduğunu, hərbidən sonra isə ara-bir şəhərdə görüşdüklərini bildirib. Aralarında münaqişə şəxsi münasibətlər zəminində baş verib. Məcidlinin sözlərinə görə, Nurlan onu ağır söyüşlərlə təhqir edib, bu səbəbdən o məişət-təsərrüfat təyinatlı bıçaqla dostunun ürəyinə zərbələr endirib, sonra isə hadisə yerindən qaçıb. Həmin axşam o, kəsici aləti yaşadığı evin həyətində basdırıb.
Zamin Məcidli ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmə baxışı zamanı təkrar vəsatətlər əsasında iş üzrə yenidən məhkəmə-psixiatriya ekspertizası təyin edilib. Ekspert rəyinə əsasən təqsirləndirilən şəxs cinayəti affekt vəziyyətində törədib. Bu səbəbdən məhkəmə Z.Məcidlinin əməlini CM-nin 120.1-ci maddəsindən 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.