"Əsgərlərimizi lut soyundurub ağaca bağlamışdılar"- Polkovnik-leytenant



"Fermada yaradılmış Səyyar Qərargaha yaxınlaşanda diqqətimi yaxınlıqda anadangəlmə lüt soyundurulmuş bir neçə əsgərin əlləri bağlı vəziyyətdə ağaca bağlandıqları oldu"

 

"İndi haqqında çox yazılan və çox danışılan özündənrazı general çox çalışırdı ki, əsl həqiqət yayılmasın"

 

Əziz dostlar! Hörmətli həmkarlar!

 

Bu qeydləri mən etməyə bilməzdim. Son günlər Silahlı Qüvvələrlə bağlı bəzi hadisələr yaşanır və bilən də, bilməyən də həm gündəlik on-layn mediyada, sosial şəbəkələrdə müxtəlif müzakirələr açıb, bildiklərini də yazır, blmədiklərini də danışırlar. Aşağıdakı qeydlərimin son dərəcə ÇOX DƏRİN mənası var. O vaxtlar da, indi də Silahlı Qüvvələrimizin sıralarında elə adamlar olub və var ki, onlar TAMAM BAŞQA MİSSİYA ilə"xidmət göstərməyə" çalışıblar. Başa düşürəm ki, yazdığım geniş qeydləri yalnız məsələ ilə dərindən maraqlanan yoldaşlar sona qədər oxusalar çox mətləblərdən hali olacaqlar. Beləliklə: 

 

1993-cü ildə Müdafiə Nazirliyinin gündəlik mətbu orqanı olan "Xalq Ordusu” (indi "Azərbaycan Ordusu” adlanır) qəzetinin Baş redaktoru kimi özüm və bir qrup əməkdaşımız ən çətin və ən mürəkkəb iqlimi, relyefi olan Murovdağda yerləşən hərbçilərimizə baş çəkməyi qərara almışdıq.O yeri seçməkdə məqsədimiz həm yağı erməni-rus birləşmələrinə qarşı Kəlbəcər istiqamətində misilsiz rəşadət göstərən döyüşçülərimizi ziyarət etmək, həm də orada bir vaxtlar qəzetimizin zəhmətkeş əməkdaşlarından birı olmuş peşəkar zabitimiz - briqada komandirinin şəxsi heyət üzrə müavini vəzifəsində xidmət keçən mayor İntiqam Mirzəyevə baş çəkmək idi. Biz briqadanın maddi-texniki təminat üzrə müavini vəzifəsində olan mayor Telman Zeynalovun ön xəttə silah, sursat və ərzaq aparan "Ural” markalı avtomobilinin yük yerinə oturaraq ön mövqeyə yollandıq. Kim o yolu bircə dəfə gedib-gəlibsə, yəqin yaxşı bilir ki, o yola çıxmaq o deməkdir ki, sən istənilən an həyatla vidalaşa bilərsən. Çünki, hər iki tərəfdən sıldırım qayalıqlar, demək olar ki, keçilməz döngələr və hündürlük, yalnız bir avtomobilin hərəkəti mümkün olan, ikinci bir avtomobil qarşına çıxarsa, oradan qurtulmağın mümkünsüzlüyü...Ən əsası isə yolun daima qarlı-buzlu, sürüşkən olması, o yolla gedib-gəlmənin necə riskli, çətin olması anlamına gəlir. Amma, bizim mərd və igid oğullarımız demək olar ki, hər gün o yolu aşağı-yuxarı gedib gəlirdilər. Doğrudur, o yolda xeyli faciələr də yaşanmışdı. Sürüşüb dərəyə yuvarlanan texnikamız, həyatla vidalaşan əsgər və zabitlərimiz də olmuşdular. Amma, bizim getdiyimiz maşının sürücüsü də o qədər o yolu gedib-gəlmişdi deyə, onun üçün o dağ yolları sanki qarlı-buzlu kimi deyil, adi bir hamar-düz yol kimi təsir bağışlıyırdı. Onun ağır tonnajlı, silah-sursatla, ön xətt üçün vacib ərzaq və digər materiallarla dolu maşını necə idarə etməsini sadəcə görmək və duymaq lazım idi. Böyük qorxu və həyacan hissləri altında biz Yanşaq yaşayış məntəqəsinin Ferma deyilən ərazisinə gəlib çıxdıq. Və sən demə, qarşıda bizi əsl "tamaşa” gözlüyürmüş. Fermada yaradılmış Səyyar Qərargaha yaxınlaşanda diqqətimi yaxınlıqda anadangəlmə lüt soyundurulmuş bir neçə əsgərin əlləri bağlı vəziyyətdə ağaca bağlandıqları oldu. İlk ağlıma gələn o oldu ki, yəqin düşmən əsgərləridir. Maşından tez düşərək onlara yaxınlaşanda məlum oldu ki, dünənki ağır döyüşlərdən çıxan bir neçə əsgərimiz özlərini pis hiss etdiklərinə görə bu gün keçirilən əməliyyata gedə bilməyəcəklərini dilə gətirdiklərinə görə, briqadanın komandiri mayor Saleh İlyasov tərəfindən əmr edilərək ağaca bağladılmışdılar. Ən dəhşətlisi isə o idi ki, bütün baş verənlər o vaxt Prezident Aparatının nümayəndəsi polkovnik İntiqam Abdullayev, Baş Qərargah rəisinin müavini olan və bu yaxınlarda ordu sıralarından ehtiyata buraxılan polkovnik Rüfət Əmirovun, həmçinin Kəlbəcər rayonunun başçısı mərhum Əvəz Şükürovun və digər məsul şəxslərin gözləri qarşısında baş verirdi. Onu da qeyd edim ki, o özündənrazı, son dərəcə kobud, mənim təsəvvürümdə kolxoz sədri təsiri bağışlayan savadsız mayor Saleh İlyasov briqada komandiri kimi çox dayaz və primitiv biliyə malik adam olmasına baxmayaraq, onu ora bu gün Müdafiə Nazirinin müavinlərindən biri olan məşhur bir generalın protejesi və kadrı olaraq təyin etmişdilər. Kəlbəcər kimi bir mühüm, strateji rayonun erməni-rus birləşməsinə qarşı belə məsuliyyətsizlik sözsüz ki bizim o vaxtlar bəzi şəxslərin uzaqgedən və məkrli niyyətlərindən, məqsədlərindən, ən dəhşətlisi isə kimə və nəyə qulluq etdiklərinin bariz nümunəsi idi. 

 Üzeyir Cəfərov

 

Deməli mən və qəzetimizin unudulmaz fotoqrafı Əli Qafarov həm ağaca bağlanan əsgərlərin fotogörüntülərini çəkdik, həm də onlardan bəzilərindən adlarını, soyadlarını dəqiqləşdirə bildik. Siz təssəvvür edin ki, Murovdağ kimi sərt iqlim şəraiti olan bir yerdə qalın paltarda və o vaxt tulup deyilən geyimdə durmağın mümkünsüz olan bir vaxtında bu hoqqanı çıxaran briqada komandiri mayor Saleh İlyasov insanlıqdan kənar öz əsgərlərimizə qarşı belə namərdcəsinə davranmışdı.Və heç kim də özbaşına komandirin bu antiinsani hərəkətinə etiraz etməmişdi. 

 

Biz ağaca bağlanmış, demək olar ki, yarıcan lüt əsgərləri təzəcə danışdırmağa başlamışdıq ki, uzaqdan bizə tərəf qaçaraq gələn əsgərlərdən birini gördük. O, briqada komandirinin bizi çağırdığını xəbər verdi. Mən də tələsmədən işlərimizi yekunlaşdıraraq tez-bir zamanda əsgərlərin əl-qolunun açılması barəsində göstəriş verdim və həmən briqada komandirinə tərəf yeridim. Bu özündənrazı adam, mən ona zabit deyə bilmərəm, çünki əsl zabit olan adam öz əsgərinə qarşı bu cür naxələfcəsinə davrana bilməzdi və davranmamalı idi, məni görcək kim olduğumu soruşdu. Və mən də ona Müdafiə Nazirliyinin zabiti kimi özümü təqdim etdim və onun yanında dayanan polkovnik Rüfət Əmirovla, digər zabitlərlə görüşdüm. Amma, briqada komandiri mayor Saleh İlyasov mənə tərəf gələrək üzümdən bir şillə vurdu. Sən demə bu "zabitin” xoşuna gəlməmişdi ki, mən onun vəhşiliyini aşkar eləmişdim. Sözsüz ki, mən də bu qanacaqsızın cavabını yerindəcə verdim və onun "salamını” özünə qaytarmağa macal tapdım. Araya girən zabit və digər şəxslər bizi ayırdıqdan sonra "qərargahda” çox əsəbi və ciddi söhbətimiz oldu. Mən briqada komandirinin özbaşınalığına göz yuman polkovniklərə də iradımı bildirdim. Sən demə, o ağaca bağlanan əsgərlərin yeganə günahı, dünənki döyüşdən sonra özlərini pis hiss etmələri haqqında komandirə fikir bildirməsi, onların həkim müayinəsindən keçmələrini istəmələri olmuşdu. Və bundan hiddətlənən kombriq mayor Saleh İlyasov əmr edibmiş ki, guya bunlar döyüşə getməkdən yayınmaq üçün belə bəhanə edirlər və onların silahlarını aldırıb, özlərini də lüt soyunduraraq ağaca bağlanmasını əmr etmişdi. 

 

Onu da qeyd edim ki, ön xəttdə xüsusən də Bağırlı istiqamətində əsgərlərimiz ermənilərə qan uddururdular. Həmən döyüşə də mənim tələbə yoldaşım, çoxlarının sevimlisi olan "zampolit” mayor İntiqam Mirzəyev və digər peşəkar zabitlər şəxsən rəhbərlik edirdilər. Axşam saatlarından döyüşdən geri qayıdandan sonra gündüz saatlarında bizim kombriqla olan "tamaşamızdan” xəbər tutandan sonra "zampolit" və digər tanıdıqlarımız zabitlər çox pərişan olmuşdular. Bəlkə də, həmən vaxt İntiqamın və bəzi dostların orada olması bizi real ölümdən, sui-qəsddən xilas etdi. Çünki, mənim Saleh İlyasovla aramızda olan gərginlikdən və baş verən hadisədən sonra böyük narahatçılığım var idi ki, bizi ya vurub öldürəcəklər, ya da əsgərlərin lüt soyundurub ağaca bağlanılması faktının ört-basdır edilməsi üçün bizə qarşı hansısa təxribat həyata keçiriləcəkdi. Hiss olunurdu ki, kombriq yuxarıların bu məsələ ilə bağlı məlumatının olmaması üçün çalışırdı ki, nə isə etsin. Murovdağ kimi bir yerdə bu məsələnin "həll edilməsi” "iki vur iki" kimi asan bir şey idi. Həm İntiqamın, həm də bəzi şəxslərin davranışlarından hiss edirdik ki, kombriq Saleh İlyasovun bəzi naxələf məqsəd və planları var. Və bizə imkan daxilində tez Bakıya qayıtmağımızl eşitdirməkləri də, bundan xəbər verirdi. Biz briqadada iki günə yaxın qaldıqdan sonra qərara aldıq ki, geriyə qayıdaq. Sən demə, bizi qarşıda daha çətin və acınacaqlı günlər gözləyirmiş. Özünü sığortalamaq üçün briqada komandiri Müdafiə Nazirliyindəki havadarına, hansı ki, bu gün də Silahlı Qüvvələrdə "at oynadır”, bizim orada guya onların döyüş aparmasına mane olmağımız ilə bağlı yalan məlumatlar verərək bizim cəzalandırılmağımızı tələb etmişdi. Və biz Bakıya çatar-çatmaz məni Prezident Aparatına çağırdılar və mən mərhum general Nurəddin Sadıqovun qəbuluna getdim. Murovdağda briqada komandirinin öz əsgərlərimizə qarşı etdiyi özbaşınalığı hörmətli dövlət müşaviri, təmiz və vicdanlı general kimi hamının xatırladığı Nurəddin Sadıqova məruzə edəndə, az qala kişini heyrət götürürmüşdü. Belə bir vəhşiliyin həqiqətən də olmasını ağlına belə sığışdırmayan vicdanlı general şokda idi. Mən dəyərli generalımıza dediklərimizi faktlarla sübut edə biləcəyimi deyəndə, o çox təəccübləndi. Və mən hərb tariximizin şanlı yazarlarından və tarixçilərindən biri olan Əli müəllim Qafarova o çəkdiyi tarixi şəkillərə görə həyatımın sonuna kimi minnətdaram. Məhz onun Murovdağda çəkdiyi bir çox kadrlar bəlkə də məni və kollektivin bəzi üzvlərini xoşagəlməz hadisələrədn və ən əsası isə həbsdən xilas etdi. İşi o dərəcədə "düzüb-qoşmuşdular” ki, Bakıda artıq bizə qarşı cinayət işinin başlanılması kimi absurd ideya verən də olmuşdu. İndi haqqında çox yazılan və çox danışılan özündənrazı general çox çalışırdı ki, əsl həqiqət yayılmasın.

 

Və çox şükürlər olsun ki, bizim söylədiklərimizi və ortaya qoyduğumuz təkzibolunmaz faktları keçmiş dövlət müşaviri, hər zaman çoxlarının "qəbri nurla dolsun” dediyimiz dəyərli generalımız Nurəddin Sadıqov ölkə rəhbərliyinə olduğu kimi məruzə edəndən sonra vəziyyət tam dəyişdi. Bir müddətdən sonra, həmən briqada komandiri mayor Saleh İlyasov öz birbaşa havadarının bütün cəhd və səylərinə, cənfəşanlığına baxmayaraq uzun müddətə azadlıqdan məhrum edildi və həbs olundu. Daha sonra biz onunla Haramı düzündə ön xəttdə görüşdük. Və hiss elədim ki, Saleh İlyasov çox "sınıb”, çox peşimandır”.

 

Belə fors-major hadisələr Qarabağ savaşının müxtəlif illərində başımıza çox gəlib. Bu illər ərzində həyatla-ölüm arasında o qədər hadisələr olub ki, indi bəzi ağzıgöyçəklər bizi hərbdən-müharibədən anlayışı olmayan kimi qələmə verməyə çalışanda, adam söz tapmır bu binəvalara desin. Ona görə də, son vaxtlar ordumuzun tarixində baş vermiş bəzi hadisə və faktları çatdırmağı ona görə lazım bildim ki, bəzi "psevdoqəhrəmanlar" son vaxtlar yalançı obrazlar, yalançı fəaliyyətlə məşğudurlar. Və imkan daxilində zaman-zaman həm özümün, həm də tanınmış jurnalist, zabit dostlarımızın Qarabağ cəbhəsində şəxsən şahidi olduqlarını, gördüklərini diqqətinizə çatdırmağa çalışacağıq ki, qoy tarix olduğu kimi hər kəsi qiymətləndirsin. Bu və digər faktları diqqətinizı çatdırmaqla hesab edirəm ki, biz nə qədər acı da olsa, nə qədər xoş olmasa da bizim hərb tariximizdə nə olubsa onu da gələcək nəsillərə çatdırmağı bacarmalıyıq. Bunu xüsusən də sinəsini yalandan orden-medallarla dolduran kabinet generallarının, polkovniklərinin bilməsi çox vacibdir. Biz Azərbaycan Dövlətinin və onun qürur yeri saydığımız Silahlı Qüvvələrinin ən ağır və çətin dönəmində sinəmizi qabağa verib, bacardığımızı etməyə çalışdıq. İndi bəziləri yeri gəldi-gəlmədi bizi -sovet hərb təhsilini almış zabit və gizirləri, əsgər və çavuşları söyməyə, təhqir etməyə cəhdlər edirlər. Biz zamanında-vaxtında bacardıqlarımızı etdik və bundan sonra da etməyə hər zaman hazırıq.

Üzeyir Cəfərov

Ehtiyatda olan polkovnik-leytenant

Hərbi ekspert


 

Xəbər 15064 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR