Çarəsiz ana: "Dövlətimizdən, imkanlı şəxslərdən yardım xahiş edirəm"
Aktual.az xəbər verir ki, bu ailə haqqında məlumatı musavat.com redaksiyaya zəng vuran Türkiyə vətəndaşı sayəsində öyrənib. Zəng vuran şəxs, haqqında bəhs edəcəyimiz ailənin yaşayış durumu, vəziyyəti, problemləri ilə bağlı məlumat verərək, onlar haqda reportaj hazırlamağımızı xahiş etdi.
Verilən ünvana yollanıb, hər şeyi gözümüzlə görənə qədər Xommadovlar ailəsinin çarəsizliyini tam anlaya bilməzdik. Əslən Masallı rayonundan olan Hübeydə (Ona əsasən rahat olsun, deyə Zübeydə deyirlər) Xommadovanın 3 övladı var.
Onun həyat yoldaşı Türkmənistan vətəndaşıdır. Onların ilk övladı Türkmənistanda dünyaya gəlib, amma yaşamayıb. Körpə dünyaya xəstə olaraq gəlib və buna görə də, həyata tutuna bilməyib. İlk övladlarının ölümü ilə sarsılan ailənin acısı bununla bitməyib.
Xommadovlar ailəsinin daha 3 övladı dünyaya gəlib. Lakin bu övladlar dünyaya fiziki məhdudiyyətlərlə gəliblər. Ailənin böyük qızı 22 yaşlı Xurmagözəl autizm xəstəliyindən əziyyət çəkir. Özünü idarə etməyə tam qadir deyil. Bəzən özünü izah edə bilmədiyi üçün əsəbləşir, hirslənir. Ona daimi nəzarət lazımdır.
18 yaşlı Almanın yerimə və danışma problemi olmasa da, sinir sistemləri qaydasında deyil. Beynində olan problemə görə hər hansı bir şeyi saymağı bilmir. Ailənin kiçik övladı 12 yaşlı Ağakərim isə yataq xəstəsidir. Nə danışa, nə də gəzə bilir.
Hazırda ailə "Sovetski" kimi tanınan ərazidə, Səyid Rüstəmov küçəsi, dalan 3, ev 7-də yaşayır. Bu kiçik, şəraitsiz, köhnə ev belə, onların deyil, 120 manat pul verib, kirayədə qalırlar. Hübeydə Xommadovanın həyat yoldaşı fəhləlik edir, özü isə məktəblərdən birində xadimədir. Beləcə dolanmağa çalışırlar.
// Aktual.az