"Ermənistanın bircə təklifi var"


Dağlıq Qarabağ münaqişəsi regionunda etimad tədbirləri barədə razılığa gəlmək mümkün deyil.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Ermənistan snayperlərin geri çəkilməsi, atəşkəs rejiminin pozulmasını müəyyənləşdirən xüsusi qurğuların qurulması və atəşkəs rejiminin pozulmasını araşdıran mexanizmlərin yaradılmasının tərəfdarıdır: "Bunu geniş təbliğ edir. Azərbaycanın etimad tədbiri səbəti isə zəngindir:

ı. Ermənistanın işğalçı qoşunlarını işğal etdiyi bütün ərazilərdən çıxarması. Bu, iki xalq arasında ikitərəfli və regional əməkdaşlığa şərait yaradan, ən davamlı, ən uzun müddətli etimad tədbiridir.

ıı. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının dialoqunun qurulması. Bu, tənzimlənmənin final mərhələsini yaxınlaşdıran ən ucuz və ən asan başa gələn etimad tədbiridir.

ııı. Məzarlıqların, dini və mədəni abidələrin kütləvi ziyarəti. Bu, münaqişənin ağrılı nəticəsini azaltmağa yönəldən, gərginliyi azaldan və kütləvi təmaslara şərait yaradan etimad tədbiridir.

ıv. İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi. Müharibə ilə bağlı çoxlu yalanlar mövcuddur. Bu etimad tədbiri, xüsusi ilə DNT analizi aparıldığı halda həqiqətlərin üzə çıxmasına şərait yaradır".

Mərkəz rəhbəri sonra bildirib ki, Ermənistanın etimad tədbiri yalnız Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti ilə bağlıdır: "Təmas xəttinin hər hansı formada möhkəmləndirilməsi münaqişənin həllinin uzadılmasına xidmət edir. Bu təklifi irəli sürməklə, dəstəkləməklə Ermənistan münaqişənin həllinin yaxınlaşması deyil, yubanması istiqamətində fəaliyyət göstərir. Qoşunların təmas xəttində xüsusi ölçmə qurğularının yerləşdirilməsi isə bu istiqamətdə Ermənistanın səylərinin fantastik reallaşmasıdır. Tərəflər indi iri kalibrli silahlardan, raketlərdən istifadə edirlər. Hətta atılan raket mərmilərinin sayı barədə rəsmi məlumatlar yayılır".

Poltiloq sonra qeyd edib ki, iriçaplı silahların, raketlərin atəş yerini müəyyənləşdirmək üçün atəş zamanı yaranan seysmik dalğaları ölçmək lazımdır: "Dağlıq Qarabağ münaqişəsi regionu 3-4 punkt üzrə topoqrafik mürəkkəb regiondur. Raket zərbəsinin yerini müəyyənləşdirmək üçün təmas xətti dəqiq müəyyənləşməli, tərəflər bu təmas xəttinin yaxınlığında atəş açmamaq barədə öhdəlik götürməlidirlər. Təmas xəttinin birbaşa yaxınlığından açılan atəşin sahibini müəyyənləşdirmək mümkün deyil. Qoşunların təmas xəttini buna hazırlamaq üçün xeyli geodezik-kartoqrafik işlər görülməlidir. Bu isə illərlə vaxt tələb edir".

M.Əhmədoğlu deyib ki, bu vaxt ərzində Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərini görüşdürməklə çox pozitiv nəticələr əldə etmək olar: "Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərini görüşdürmək üçün isə təmas xətində geodezik-kartoqrafik işlərə, xüsusi qurğuların yerləşdirilməsinə ehtiyac yoxdur. Əksinə, ziyanlıdır. Maliyyə parametri də mühüm əhəmiyyətə malikdir. ATƏT MQ-nin özünün fəaliyyətinin maliyyələşməsində müəyyən problemlər olduğu vaxtda görülən işlərə və qurğulara milyonlarla dollar tapılmayacaq".

Politoloq hesab edir ki, qoşunların təmas xəttində görülən işlərin, qurğuların yuxarıda sadaladığımız və digər siyasi- hüquqi problemlərini Ermənistan və ATƏT MQ həmsədrləri bilirlər: "Eləcə də, onlar irəli sürdükləri bu təklifin Helsinki Yekun Aktının Xalqların bərabərliyi və öz müqəddəratını müəyyən etmə prinsipinə zidd olduğunu da bilirlər: Helsinki Yekun Aktının Xalqların bərabərliyi və öz müqəddəratını müəyyən etmə prinsipinə görə atılan addımlar ayrı-seçkiliyə, xalqları bir-birindən uzaqlaşdırmağa yönələ bilməz. Ermənistan və ATƏT MQ isə Dağlıq Qarabağda hasar çəkməklə məşğuldurlar. Ermənistan və ATƏT MQ Dağlıq Qarabağda hasar çəkmənin Dağlıq Qarabağ azərbaycanlıları ilə erməniləri arasında görüşdən faydalı olduğunu sübut etməlidirlər".

M.Əhmədoğlu sonra əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərinin birgə yaşayışının formalaşmasından ibarətdir: "Belədirsə, bu indidən başlansın. Ermənistan və ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ azərbaycanlıları ilə ermənilərinin birgə yaşayışının formalaşmasına aparan dialoqu dəstəkləmir, qadağan edirlər. Beynəlxalq hüquqa, Yenilənmiş Madrid Prinsiplərinə zidd, külli miqdarda vaxt və maliyyə tələb edən xüsusi qurğuların quraşdırılması təklifini dəstəkləyirlər. Etimad tədbirlərinin siyasiləşməsi də buradan başlayır. Ermənistan və Azərbaycanın dəstəklədikləri etimad tədbirlərinin müqayisəli təhlilləri aparılmalıdır. Bunu publik formada etmək dinc tənzimləməyə fayda verə bilər".

Milli.Az

Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR