Bir müddət əvvəl Ermənistanda saxlanılan iki PKK terrorçusunun (Atilla Çiçek və Hüseyn Yıldırım) ötən həftə Türkiyəyə verilməsi barədə yayılan məlumatlar erməni ictimai-siyasi dairələrində ajiotaja səbəb olub. Yerli media iki gündür bu məsələnin üstünə düşüb, araşdırma aparır. Sosial şəbəkələrin erməni seqmentində də bu faktla bağlı çox sayda müzakirələr açılıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyi kürd terrorçuların Türkiyəyə verilməsində iştirak etmədiyini bildirsə də, ictimaiyyət bu qurumlara inanmır.
Aktual.az xəbər verir ki, "Joğovurd” qəzetinin məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti faktla bağlı cinayət işi qaldıracaq.
"Məsələ kifayət qədər sərt şəkildə qaldırılıb. Atilla Çiçek və Hüseyn Yıldırımın Türkiyəyə necə aparıldığı araşdırlacaq”,- deyə qəzet yazıb.
Qeyd edək ki, Atilla Çiçek və Hüseyn Yıldırım 2021-ci il avqustun 16-da Ermənistan Respublikasının mühafizə olunan dövlət sərhədini – Araz çayını qanunsuz keçməkdə və silah-sursat almaqda ittiham olunub. Nəticədə Ermənistan Apellyasiya Məhkəməsi onları 3 il sınaq müddəti təyin etməklə, 5 il müddətinə azadlıqdan məhrum edib.
Amma kürd terrorçular dərhal məhkəmə zalından azadlığa buraxılıblar.
"Onlar sərbəst buraxılmışdılar və burada 7 ay azadlıqda olandan sonra Türkiyənin əlinə neçə keçiblər, tam məlum deyil”, - deyə "Joğovurd” sual edib.
"Onlar Türkiyənin əlinə necə düşdülər, bu sirrdir. Yəqin ki, Milli Təhlükəsizlik Xidməti məsələyə aydınlıq gətirər. Bundan əvvəl Ədliyyə Nazirliyi də onların ekstradisiyasını təkzib etmişdi. Necə ola bilər ki, dövlət qurumlarının ölkəmizdən Türkiyəyə aparılan kürdlərin işindən xəbəri yoxdur?”.
Türkiyə KİV-ləri PKK terrorçuları Atilla Çiçek və Hüseyn Yıldırımın Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində ələ keçirldiyi barədə xəbər yayıb.
Xəbər 622 dəfə oxunub.