Ermənistan İstintaq Komitəsi (İK) dövlətə xəyanətlə bağlı halın üzə çıxdığını açıqlayıb.
Aktual.az "Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinə məlumat verilib.
Qurumun məlumatına görə, Ermənistan silahlı qüvvələrində müqavilə ilə xidmət edən hərbi qulluqçu (kiçik serjant) 43 yaşlı İrəvan sakini "Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə guya Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi tərəfindən casusluğa cəlb edilib.
İddia olunub ki, o, 2023-cü ilin yanvar ayından həmin sosial şəbəkədə saxta hesabla fəaliyyət göstərən müəyyən şəxs - Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi ilə əlaqə saxlayıb.
"Sevgi” yazışmaları və ünsiyyəti davam etdirmək üçün erməni hərbçi xidməti və dövlət sirlərini ehtiva edən bir sıra məlumatlar toplayaraq ötürüb.
Qeyd olunur ki, bu addımlar Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə ciddi ziyan vurub.
Hərbçi həbs edilərək Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddənin 1-ci bəndi ilə dövlətə xəyanətdə ittiham olunub.
İstintaq davam edir.
Xəbər 385 dəfə oxunub.