Azərbaycan Müdafiə Nazirliyi ötən gün məlumat yayaraq Ermənistanın cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirdiyini qeyd etdi.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a bildirildi ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.
Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın "OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.
Artıq Ermənistan tərəfi məlumatı təsdiqləyib. Düşmən tərəfi mediasının yazdığına görə, Azərbaycan Ordusu onların qondarma Dağlıq Qarabağ Respublikasında yerləşən hərbi obyektlərini idarə olunan raketlərlə atəşə tutub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsun Ovannisyan da özünün sosial şəbəkədəki hesabında qeyd edib. Bildirib ki, təmas xəttinin şərq hissəsində Azərbaycan Silahlı Qüvvələri mayın 16:30-də saat 15 radələrində idarə olunan raketlərlə hərbi obyekti vurublar. Nəticədə hərbi texnika qismən zədələnib.