“Ermənistan sülh istəsəydi, iki ay ərzində Konstitusiyasını dəyişə bilərdi”-Qüdrət Həsənquliyev

“Ermənistan sülh istəsəydi, iki ay ərzində Konstitusiyasını dəyişə bilərdi”-Qüdrət Həsənquliyev

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev ölkəmizdə və dünyada baş verən aktual mövzular barədə mühüm açıqlamalar verib. Millət vəkili Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Rusiyanın bu müqavilənin imzalanmasında rolu, Rusiya-Ukrayna müharibəsi və bu müharibə fonunda baş verən nəticələr, Gürcüstanda keçiriləcək prezident seçkiləri və Qərbin dünyada, həmçinin Cənubi Qafqazda yürütdüyü siyasətlə bağlı Elchi.az-ın suallarını cavablandırıb.

Aktual.az həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, Ermənistan parlamentinin vitse-spikeri Rubinyan bəyan edib ki, sülh üçün əllərindən gələni edirlər. Paşinyan isə Kazanda bildirib ki, sülh müqaviləsi layihəsinin 80-90 %-i artıq razılaşdırılıb. Sülh müqaviləsinin imzalanması üfüqdə görsənirmi?

-Mən bu məsələdə nikbin deyiləm. Əvvəllər də demişəm, Ermənistan bilir ki, Azərbaycan torpaqlarını Ermənistan ərazisi kimi nəzərdə tutan Konstitusiyalarını dəyişməyənə qədər və münaqişəni doğuran səbəblərin həllini özündə ehtiva edən sülh sazişinin layihəsi hazırlanmayana qədər Azərbaycan heç bir sənədə imza atmayacaq. Ermənistan sülh istəsəydi, iki ay ərzində Konstitusiyasını dəyişə bilərdi. Amma bunu etmirlər, əvəzində özlərini sülhpərvər göstərmək üçün deyirlər ki, biz razılaşdırılmış məsələlər əsasında sülh sazişi imzalamağa hazırıq. Əvvəllər İranın və Qərbin təzyiqi ilə üçtərəfli Moskva Bəyannaməsinin 9-cu bəndinə zidd olaraq bəyan edirdilər ki, Zəngəzur dəhlizi Ermənistanın suverenliyinə zidd olduğu üçün açıla bilməz. Azərbaycan sülh prosesini sürətləndirmək üçün bu məsələnin sülh sazişinin layihəsindən çıxarılmasına razılaşdı. Ermənistan indi də inadla Konstitusiyalarında torpaqlarımızın anneksiyasını nəzərdə tutan müddəanı Konstitusiyalarının mətnindən çıxarmağa tələsmir. Azərbaycanı beynəlxalq birlik qarşısında sülh istəməyən ölkə kimi göstərmək, bizə Qərbdəki tərəfdarları vasitəsilə beynəlxalq təzyiqləri artırmaq, ordularını yenidən qurmaq və silahlandırmaq üçün vaxt udmaq istəyirlər. Ümid edirlər ki, gələcəkdə onlar üçün daha əlverişli beynəlxalq şərait yaranacaq.

-Qərb niyə Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil? Axı, həmin dəhliz NATO üzvü olan Türkiyə ilə Azərbaycanı birləşdirəcək…

-Türkiyə iddialı və müsəlman ölkəsi olduğu üçün NATO-da ona güvən azdır. Onun Rusiya ilə əlaqələri də Qərbi narahat edir. Rusiya ilə əməkdaşlığa görə Türkiyəyə hərbi təyinatlı bəzi məhsulların satışına qadağalar qoyulub. Qərb istəyərdi ki, Türkiyə Çinlə, Rusiya ilə, İranla, ərəb dövlətləri ilə qarşıdurma vəziyyətində olsun. Qərb həm də Rusiyanın dəmiryol xətti ilə İranla birləşməsini də istəmir.

-O halda İran niyə Zəngəzur dəhlizinə qarşıdır?

-Çünki bu yol türk dövlətləri arasında quru yolla əlaqələrin yaranmasını təmin edəcək. Naxçıvana getmək üçün Azərbaycanın İrandan asılılığını azaldacaq. İran bu yolla həm də Fransa və digər Qərb ölkələrinə yarınmaq istəyir.

-Rusiya niyə sülh sazişinin imzalanması və Naxçıvana yolun açılması üçün Ermənistana təzyiq etmir?

-Çünki sülh sazişi imzalanan kimi Ermənistanla Türkiyə arasında sərhədlər açılacaq, Ermənistan daha müstəqil xarici siyasət yürütmək, iqtisadiyyatını daha sürətlə inkişaf etdirmək imkanları qazanacaq. Həm də tərəflərin Rusiyadan asılılığı azalacaq. Paşinyan düşünür ki, hal-hazırda sülh sazişi Rusiyanının maraqlarına cavab vermir, həm də bu səbəbdən sülhdən yayınır. Qorxur ki, sülh sazişi imzalayarsa, onu devirərlər. Ermənistan sülh istəyirsə, Rusiya ilə də münasibətlərini tənzimləməlidir. Rusiya rəsmiləri elə-belə demirlər ki, bizsiz dəhliz olmayacaq. Bu, həm də sülh olmayacaq deməkdir…

-Rusiyanın Paşinyanı devirmək üçün yetərincə imkanları varmı?

-Əlbəttə var, amma Rusiyaya Ermənistanda hakimiyyəti dəyişmək sərf etmir. Ermənistanda çevriliş olsa və Köçəryan kimi Rusiyayönümlü birisi hakimiyyətə gəlsə, Qərb Ermənistana sanksiya tətbiq edəcək. Amma diqqət yetirsəniz, indi Qərb Ermənistana göz yumur və Ermənistan bir çox hərbi təyinatlı malları Rusiyaya reeksport edir. Rusiya ilə ticarət dövriyyəsi keçən illə müqayisədə 2.4 dəfə artaraq, 9 milyard ABŞ dollarına çatıb. Ermənistan hələlik "uğurla” Qərb, Rusiya və İran arasında rəqs edir. Məhz bu səbədən Azərbaycan Respublikasının Prezidenti tez-tez onları oyun oynamağa son qoymağa çağırır.

-Baydenin Prezidentə son məktubunu necə qarşıladınız?

-Bu, ABŞ-da seçki ərəfəsində erməni diasporunun dəstəyini almağa hesablanmış bir məktubdur, sülh prosesinə müsbət töhfə vemir. ABŞ heç vaxt Ermənistanı işğalçı dövlət kimi tanımadı, onu işğala son qoymağa çağırmadı, sanksiyalar tətbiq etmədi. Əksinə, bizə sanksiya tətbiq etdi. Ermənistana, hətta Qarabağdakı işğalçı rejimə humanitar kömək adı altında yardım etdi. Hazırda ABŞ səmimi olaraq sülh istəyirsə, Ermənistana deməlidir ki, təcili Konstitusiyanı dəyişsin. Ermənistana yox, Azərbaycana yardım etməlidir ki, erməni faşistlərin dağıtdığı şəhər və kəndlərimizi bərpa edək.

-Gürcüstanda müxalifət hakimiyyətə gələ bilərmi?

-Bu ehtimal olduqca azdır. Moldovadakı referendumun nəticələri də göstərdi ki, Ukrayna savaşından sonra Qərbə inam itib. Rusiya isə hazırda daha güclü və qətiyyətli görsənir. Xalqın 90% müxalifətə səs versə və səsini müdafiə etmək üçün mübarizəyə hazır olsa, hakimiyyət dəyişə bilər. Bunun baş vermə ehtimalı isə olduqca azdır. İvanaşvili hakimiyyəti verməyəcək. Rusiya Ukraynada döyüş meydanında uduzsaydı, fərqli vəziyyət yarana bilərdi.

-Ukraynadakı vəziyyəti bir neçə cümlə ilə necə qiymətləndirərdiniz?

-Müharibə başlayandan deyirəm ki, Ukrayna sonda ərazi güzəştlərinə məcbur ediləcək. Müharibə başlamamışdan Qərb, ABŞ başda olmaqla Ukraynanı satıb. Zelenskinin, Ukrayna ordusunun və xalqının müqaviməti Qərb "lider”lərini pis vəziyyətə salıb. Zelenski onların təkidi ilə Kiyevdən qaçmadığı üçün onlar ona daha çox nifrət edirlər, nəinki Putinə. Onlar Ukraynaya öz xalqları və beynəlxalq birlik qarşısında qorxaq və Rusiya ilə Ukraynanın taleyi barədə gizli danışıqlar aparmış, Ukrayna xalqına xəyanət etmiş satqınlar olaraq tarixdə qalmaq və lənətlənməmək, əsl sifətlərini ört-basdır etmək üçün yardım edir, Rusiyaya müəyyən sanksiyalar tətbiq ediblər. Qərb liderləri hazırda onu edirlər ki, bir azdan Ukrayna özü diz çöküb sülh istəsin. Həm də düşünürlər ki, iki slavyan xalqı nə qədər bacarır qoy bir-birini qırsın, əldən salsın. Zelenskinin atəşkəs istəməsi haqqındakı son açıqlaması bu istiqamətdə ilk addımdır.


Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR