Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır.
Aktual.az xəbər verir ki, bunu "Armenpress”ə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, Ermənistandan çağırışçılar bundan sonra Qarabağa hərbi xidmətə göndərilməyəcəklər. Armen Qriqoryan bildirib ki, Qarabağdakı çağırışçıların "Müdafiə Ordusu"na hərbi xidmətə çağırılması davam edəcək.
"Müharibə zamanı Ermənistan Respublikası Silahlı Qüvvələrinin bir sıra bölmələri Dağlıq Qarabağın Müdafiə Ordusuna kömək etməyə getmişdi. Atəşkəs əldə edildikdən və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin Dağlıq Qarabağdan çıxarılması məntiqlidir".
Armen Qriqoryan bu qərarın Qarabağın müdafiəsiz qalması anlamına gəlmədiyini bildirib: "Keçmişdə DQ-nin təhlükəsizliyini təmin etmək funksiyasını yenə də DQ Müdafiə Ordusu yerinə yetirirdi. Və bununla bağlı heç nə dəyişdirilmir. Bununla belə, qeyd etmək lazımdır ki, Rusiya sülhməramlı qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi təhlükəsizliyin təminatı olmalıdır".
"Ermənistan Silahlı Qüvvələrinin DQ-də hərbi xidmətə çağırılan hərbçiləri müqaviləli (könüllü) hərbi qulluqçularla əvəz olunur, yoxsa Ermənistan Silahlı Qüvvələrinin bölmələri Dağlıq Qarabağdan çıxarılır" sualına Armen Qriqoryan belə cavab verib:
"İcazə verin aydınlıq gətirim. Müharibə ilə əlaqədar olaraq Ermənistan Silahlı Qüvvələrinin bir sıra bölmələri Müdafiə Ordusuna kömək məqsədilə DQ-yə daxil olub. Atəşkəs əldə edildikdən sonra onlar Ermənistana qayıdırlar. Bu proses yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq. Müdafiə Ordusu ilə bağlı: o, Dağlıq Qarabağda olub və olmaqda davam edir".
Xəbər 414 dəfə oxunub.