Politoloqlar deyir ki, Paşinyan Zelenskinin yolu ilə gedir: "Bu polemikalar Ermənistan daxilində gərginliyi artıracaq”
Ermənistan artıq Rusiya ilə açıq "savaşa” başlayır. Rusiya Federasiyasından, KTMT-dən üz döndərib Qərbə üz tutmaq kursu götürən İrəvan kartları açır, Moskva qarşısında tələblər qoyur.
"Rusiya sərhədçilərinin "Zvartnots" hava limanını tərk etməsi düzgün olardı".
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Simonyan qeyd edib ki, bu, onun şəxsi fikridir, lakin belə müzakirələrin aparıldığı haqda məlumatı yoxdur. Erməni spiker istisna etməyib ki, təhlükəsizlik orqanları bununla bağlı müzakirələr aparıb.
"Rusiya hərbçilərinin ölkəmizin sərhədlərini qoruyacağına əmin deyiləm. Bir neçə dəfə sübut olunub ki, onlar sərhədləri qorumayıblar, əksinə, oradakı durumu daha da həssas etmək üçün hər şeyi ediblər. Qarabağa gəldilər, nə etdilər? Erməniləri müşayiət etdilər, sonra onları çıxartdılar. Bir gün gəlib məni də, səni də "Zvartsnots"dan müşayiət edəcəklər", - Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib. Bu, Rusiya hərbçilərinin Ermənistandan çıxarılması istəyi haqda rəsmi İrəvanın ilk açıqlamasıdır. Bir neçə gün öncə Ermənistan mediası rus sərhədçilərinin İrəvandakı "Zvartsnots” hava limanından çıxarılmağa başladığı haqda məlumat yaymışdı, lakin rəsmi şəkildə təsdiq olunmadı. Simonyanın açıqlaması isə rus sərhədçilərin hava limanından çıxarılacağının anonsudur. Bunun Ermənistandakı Rusiya hərbçilərinin tamamilə çıxarılması, hərbi bazanın ləğv edilməsinin başlanğıcı olacağı da istisna edilməməlidir. Ermənistan parlamentinin sədri deyib ki, Ermənistan hakimiyyəti KTMT ilə bağlı hər bir vətəndaşın hiddətini və münasibətini bölüşür. Simonyan Ermənistanın baş nazirinin KTMT-də iştirakının dayandırılması ilə bağlı bəyanatına münasibət bildirib: "Baş nazirə görə əslində bizim iştirak etməməyimiz münasibətlərin dondurulması deməkdir. KTMT-yə hələ cavabı olmayan sual verdik. KTMT-nin məsuliyyət zonası haradadır? Siz bizim sərhədlərimizi tanıdınız, Ermənistan KTMT-də hansı sərhədlər daxilində iştirak edir? Bu suala cavab olmasa da, hesab edirəm ki, KTMT özünü söndürüb və işləmir”. Ermənistanın Rusiyaya faktiki "əlcək atması” anlamına gələn davranışına Kreml hansı tonda cavab verəcək? Rusiya ordusunun Ermənistandan çıxarılması tələbi hansı nəticələri verə bilər?
Elşən Musayev
Deputat Elşən Musayev erməni baş nazirin Zelenskinin yolunu getdiyini bildirdi: "Alen Simonyanın Rusiya sərhədçiləri haqda söylədiyi ultimativ fikirlər, onların "Zvartnots" hava limanını təcili şəkildə tərk etməli olduğunu bu qədər kobud formada ifadə etməsi heç şübhəsiz ki, Paşinyanla razılaşdırılıb. Və oxşar tipli bəyanatların məhz məmurlar, yüksək çinli səlahiyyətlilər tərəfindən verilməsinin də səbəbi budur ki, Ermənistanın baş naziri mövcud durumda belə fikirləri özü dilə gətirməyə cəsarət etmir. Ona görə simonyanların, mirzoyanların ağzı ilə danışır, onların vasitəsilə incikliyini nümayiş etdirir, istiqamət götürdüyü yeni kursun anonsunu verir və beləcə, Rusiyaya, Putinə sözün gerçək anlamında "əlcək atır”.
Bərk-bərk yapışdıqları arqument isə KTMT-dir. Və ya onların dili ilə desək: KTMT-nin fəaliyyətsizliyi. Hərgah, həmin KTMT Qarabağ münaqişəsi zamanı tam haqlı olaraq müdaxilədən çəkindi, kənarda qaldı. Çünki müharibə Ermənistanın deyil, Azərbaycanın ərazisində gedirdi. Üstəlik, BMT də daxil, dünyanın bütün nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri hələ müharibəyə qədər Azərbaycanın haqlı olmasını açıq şəkildə bəyan etmişdi. Əlqərəz, Ermənistan, sadəcə, bəhanə axtarır. Bəhanə və yeni qucaq. Hətta görünən budur ki, həmin qucağı tapıb da. Sadəcə, bilmir işin içindən necə sivişsin, Rusiyanı necə səhv, borclu çıxarsın və tapdığı yeni qucağın üzərinə necə tezcə atlansın. Əlbəttə, Rusiya bunu Ermənistana bağışlamayacaq. Paşinyan isə bunu anlamır və Zelenskinin yolu ilə gedir.
Hesab edirəm ki, Simonyanın və digərlərinin timsalında Paşinyanın Rusiyaya göstərdiyi dirsək və Qərb dairələrinə xoş gəlmək üçün Putin hakimiyyətinə qarşı sərgilənən son dərəcə təhlükəli fəaliyyət Ermənistana baha başa gələcək".
Elxan Şahinoğlu
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu polemikaların Ermənistanda gərginliyi durmadan artıracağını qeyd etdi: "Ermənistan KTMT-ni tərk etmək üçün bəhanə axtarır. Vaxtilə dedilər ki, guya təşkilat Ermənistanı Azərbaycanın hücumlarından müdafiə etmədi. Daha sonra Paşinyan tənqidlərə başladı. Son açıqlamasında da dedi ki, Ermənistan KTMT-də fəaliyyətini dondurub. Bütün bunlar rəsmi İrəvanı təşkilatdan çıxmağa doğru istiqamətləndirir. Bir münasib imkan tapan kimi deyəcəklər ki, biz qurumu tərk etmək istəyirik. Proseslər də buna doğru gedir. Ermənistan parlamentinin sədri də öz liderinə dəstəyini ifadə edib. Əslində təşkilat haqqında daha sərt ifadələr işlədib. Hətta Rusiyanın sərhəddən çıxmasını və hava limanını tərk etməsini də tələb edib. Əslində özünə hörmət edən dövlət öz ərazisini başqa dövlətin hərbçilərinin nəzarətinə verməz. Vaxtilə Ermənistan müstəqillik qazandıqdan sonra hiylə ilə Azərbaycan ərazilərini işğal etdi. Öz ərazilərinin də rus hərbiçiləri tərəfindən qorunmasına müvəffəq oldu. İndi isə bu, Ermənistanın indiki hakimiyyətinin maraqlarına cavab vermədiyinə görə deyirlər ki, rus hərbçiləri sərhəddən də çıxsın, hava limanını da tərk etsin. Ermənistan hökuməti düşünür ki, özünü qoruya biləcək. Müxalifət isə hökuməti ona görə tənqid edir ki, Rusiya hərbçilərini ölkədən çıxarsa, Ermənistan Azərbaycan və Türkiyə qarşısında müqavimətsiz qalacaq. Guya ki, rus hərbçiləri orada olsalar, Azərbaycan hədəflərinə çata bilməyəcək. Amma biz hədəflərimizə çatdıq, ərazi bütövlüyümüzü təmin etdik, üstəgəl, strateji yüksəklikləri də nəzarətə götürdük. Burada isə Rusiya bizə mane olmadı. Mane ola da bilməzdi. Çünki bu bizim haqqımız idi. Bu müzakirələr uzun müddət davam edəcək, Rusiya ilə, yoxsa Rusiyasız. Bu polemikalar Ermənistan daxilində gərginliyi artıracaq. Əgər son addımı Ermənistan atarsa, yəni KTMT-ni tərk etmək barədə qərar verərsə, bu, Rusiyanın imicinə çox ciddi zərbə olacaq. Ona görə də Kremldə qərar verə bilərlər ki, Paşinyan hökumətini necə cəzalandırsınlar. Bu, Rusiyanın birbaşa Ermənistan ərazilərini işğal etmək barədə düşüncələrin yaranmasına da səbəb ola bilər. Çünki Rusiya Ermənistanı itirsə, tamamilə Cənubi Qafqazı itirmiş olacaq”.
Rusif Məmmədsoy
Politoloq Rusif Məmmədsoy isə bu gərginliyin Azərbaycan üçün çox məqbul olduğunu vurğuladı: "Ermənistan-Rusiya münasibətlərinin bugünkü mərhələsi bölgədə ciddi siyasi oyunların getdiyinin göstəricisidir. Təbii ki, bu proseslər Qərbdən idarə edilir. Məqsəd Rusiyanın nüfuzunun düşməsindən istifadə edərək bölgəyə yerləşmək, Rusiyanı ən azından Ermənistanda əvəz etməkdir. Ermənistanın KTMT-dən çıxması və yaxud da üzvlüyü dondurması təbii ki, perspektivdə Ermənistan üçün təhlükələr də vəd edir. Bəzi iddialara görə, fors-major halda Fransa Paşinyana sığınacaq verə bilər. Bütün bunlarla yanaşı, Ermənistan tərəfindən xüsusilə də indiki zamanda daha çox açıq mesajlar eşidə bilərik. Qərbdə yaxşı anlayırlar ki, Rusiya növbəti prezident seçkisinə hazırlaşır və hazırda İrəvanla bağlı addımlar atmayacaq. Lakin seçkidən sonra hesablaşma baş tuta bilər. Diqqətçəkən digər məqamlardan biri də Ukrayna prezidenti Volodimir Zelenskinin mart ayının 4-də Ermənistana edəcək səfəridir. Bu səfər də daxil olmaqla bütün hadisələr Rusiyaya qarşı yönəlib. Bütünlükdə bu ssenari Qərbin dəsti-xəttidir. Məqsəd Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək, Zelenskinin səfəri ilə Ermənistanın da Rusiyanı dəstəkləmədiyinin mesajını verməkdir. Qərb həm də yaxşı anlayır ki, Rusiya Ermənistanda bu və ya digər şəkildə hərəkətə keçərsə, Rusiyaya qarşı daha ciddi müqavimət formalaşacaq”.(musavat.com)