Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı, Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun üzvü Olav Quttinq “TV BERLİN” televiziya kanalının “Bundestaqdan” adlı verilişinə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgəsində baş vermiş son erməni təxribatlarından, münaqişənin həlli prosesindən, Almaniya-Azərbaycan, NATO, Avropa İttifaqı və Azərbaycan münasibətlərinin gələcək inkişafından, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın artan rolundan bəhs edib.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Olav Quttinq təəssüflə bildirib ki, 25 illik tarixi olan Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişəyə çevrilib. Münaqişə beynəlxalq diqqətdən kənarda qalıb. Azərbaycana məxsus olan Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Azərbaycandakı qaçqın və məcburu köçkünlərin məsələsinə diqqət çəkən deputat qeyd edib ki, dünya ictimaiyyəti tərəfindən bu problemə lazımi diqqət yetirilmir. BMT, ATƏT və Avropa Şurasının bir neçə qətnaməsi var və bu sənədlərdə birmənalı olaraq göstərilib ki, erməni qoşunları tərəfindən Dağlıq Qarabağ və digər ərazilərin işğalı beynəlxalq hüquqa ziddir. Bu işğal 20 ildən artıqdır davam edir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin dəfələrlə təkrarən təsdiq olunmasına baxmayaraq, bu sənədlərin icra edilməsində heç bir irəliləyiş yoxdur. Olav Quttinq həmin sənədlərin müvafiq qaydada icrasına nail olmaq üçün siyasi iradənin çatışmazlığından gileylənib.
Aparıcının “Sizin təmsil etdiyiniz Cənubi Qafqaz üzrə işçi qrupu bu məsələ ilə məşğul olur. Bu, o deməkdir ki, hər il bu ərazilərin azad edilməsinə dair müvafiq sənədlər qəbul edirsiniz. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq hüquqa zidd olaraq işğal edilən bir hissəsidir. Nəticə etibarilə heç nə baş vermir”, iradına deputat belə şərh verib: “Doğrudur. Bildiyimiz kimi, region mürrəkəb geosiyasi məkanda yerləşdiyindən heç nə baş vermir. Biz tərəfləri vəziyyəti gərginləşdirən istənilən hərəkətlərdən çəkindirməyə çalışırıq. Gec-tez bu münaqişə öz həllini tapmalıdır. Ərazilərin qanunsuz işğalı dayandırılmalı, Ermənistan ordusu oradan çıxmalıdır”.
Deputat bildirib ki, Almaniya bütün mümkün vasitələrlə münaqişənin kəskinləşməsinin, hərbi qarşıdurma müstəvisinə keçməsinin qarşısını almağa çalışır. Məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Bunun üçün Avropa, NATO və əlbəttə ki, Rusiyanın birgə səyləri lazımdır. Azərbaycan xarici siyasət kursuna sadiq qalaraq hər iki tərəflə balanslaşdırılmış siyasət yeridir. Azərbaycan çox ağıllı hərəkət edir. Regional güclərlə daim danışıqlarda olmaq, körpüləri sındırmamaq lazımdır.
Olav Quttinq 20 il əvvəl Dağlıq Qarabağ münaqişəsinin dünyanın diqqət mərkəzində olmadığını bildirib. Qeyd edib ki, Qərb o zaman indi Ukrayna məsələsində olduğu kimi, Qarabağ münaqişəsinin nizamlanmasında vahid mövqe sərgiləmirdi. Qarabağ məsələsinə də oxşar münasibət olsaydı, onda Ermənistana qarşı sanksiyalar tətbiq edilərdi.
Deputatın sözlərinə görə, qısamüddətli və ortamüddətli nəticələr danışıqlar vasitəsilə əldə edilə bilər. Münaqişənin həlli naminə müxtəlif variantlardan istifadə etmək lazımdır.
Avropanın enerji təhlükəsizliyinin təminatı və enerji ehtiyatlarının şaxələndirilməsi məsələlərindən bəhs edən Olav Quttinq neft hasilatçılarının enerji yarışında Azərbaycanın özünəməxsus yer tutduğunu vurğulayıb. Çünki Azərbaycan potensial cəhətdən Avropaya qaz ixrac edən altıncı ölkədir. Karbohidrogen ehtiyatlarının ixracı kontekstində Almaniya Azərbaycanın rolunu gücləndirmək istəyir. Xammalın istənilən inhisarı təhlükəlidir. Bu səbəbdən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək olduqca vacibdir. Нazırda cəbhə xəttindən 100 kilometrdən az məsafədə neft və qaz boru kəmərlərinin marşrutu keçir. Bu, Avropaya daşımalara təhlükə yaradır. Ona görə də Avropa bu münaqişənin həllində maraqlı olmalıdır. Özü də danışıqlar yolu ilə, bütün iştirakçı tərəfləri razı sala biləcək qənaətbəxş həll vasitəsilə. Bizə yeni münaqişə yox, sülh lazımdır.