Gürcüstanın azərbaycanlı vətəndaşı Orxan Abbasa qarşı terrorizmə çağırış maddəsi üzrə cinayət işi açılıb.
O. Abbas APA-nın yerli bürosuna bildirib ki, buna səbəb 2016-cı ilin aprel döyüşləri zamanı "Facebook” sosial şəbəkəsində Ermənistan əleyhinə yazdığı statusdur. O, statusunda Gürcüstan azərbaycanlılarına müraciət edərək Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında dəstək aksiyası keçirmək əvəzinə, Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirərək Ermənistan bayrağını yandırmaq lazım olduğunu yazıb.
O. Abbas 2016-cı ilin aprelin 21-də Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinə çağırıldığını deyib: "Xidmətdə 10 saat dindirilmədən sonra mənə qarşı cinayət işinin açıldığı bildirildi. Bu ilin aprel ayında yenidən məni DTX-ya çağırdılar və may ayında iş üzrə ilk məhkəmə iclası keçirildi. Mənim Azərbaycana qaçmaq ehtimalım əsas gətirilərək barəmdə həbs qəti imkan tədbirinin seçilməsi məsələsi qaldırıldı. Vəkillərimin etirazından sonra 6 min lari girov məbləğində azadlığa buraxıldım. Ailəmin bu məbləğdə girovu ödəmək imkanı olmadığına görə, girov kimi qardaşımın torpaq sahəsini qoyduq”.
İş üzrə son məhkəmə iclasının iyunun 20-də keçirildiyini qeyd edən O. Abbas prokurorun ona qarşı 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası istədiyini deyib: "Məhkəmə prosesi davam edir və növbəti məhkəmə iclası iyulun 3-nə təyin olunub. Mənə qarşı açılmış cinayət işi olduqca ədalətsiz və son dərəcə absurddur. Mən terrorizm və radikallıqdan uzaq insanam”.
O. Abbas hesab edir ki, müsəlman və etnik azərbaycanlı olduğuna görə diskriminasiyaya məruz qalır.
Aktual.az Xəbər 627 dəfə oxunub.