“Ermənistan dünyada işğalçı dövlət kimi tanınır” -Elçin Cabarov

“Ermənistan dünyada işğalçı dövlət kimi tanınır”   -Elçin Cabarov

“XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir”

Bu sözləri Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində aparılan işlərə münasibət bildirərkən politoloq Elçin Cabarov deyib. Xocalı faciəsinin tarixin yaddaşlardan heç vaxt silinməyən Xatın, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrindən heç də geri qalmadığını deyən E.Cabarov bu kimi hadisələrin bütün dünyada geniş əks-səda doğurduğunu bildirdi: “Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edirdi. Çünki Xocalı Xankəndindən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Bu səbəbdən Ermənistan silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək idi

2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiyməti verdiyini deyən politoloq hazırda soyqırımın tanıdılması prosesisinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini qeyd etdi: “Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatlar qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Bu baxımdan, Heydər Əliyev Fondu, xüsusilə fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı - uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin və fotoşəkillərin dünyanın aparıcı ölkərində keçirilən sərgisi dünya ictimaiyyətində XX əsrin ən böyük faciəsi haqqında daha dolğun təsəvvür yaratmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir. 2010-cu il yanvarın 31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə “İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında” qətnamə imzalanmışdır. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “İnsanlığa qarşı cinayət” kimi qiymət verilmişdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmışdır. Bu, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsini “insanlığa qarşı cinayət” kimi tanıyan ilk sənəddir.

Xəbər 1019 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR