Azərbaycanın mədəni irs nümunələrinin mühafizəsi dövlətin əsas prioritet istiqamətlərindən biridir. Hər bir vətəndaşın üzərinə bununla bağlı hüquqi məsuliyyət düşür. Eyni zamanda beynəlxalq səviyyədə də mədəni irs nümunələrinin qorunması təmin edilməlidir.
Aktual.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
O bildirib ki, Ermənistanın işğalı zamanı Azərbaycanın mədəni sərvətlərinin, mədəni irsinə vurulmuş zərərin qarşısının alınması və pozulmuş hüquqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə bir sıra zəruri addımlar atılıb:
"İşğaldan azad edilmiş ərazilərdə, Qarabağda məhv edilmiş, ciddi zərər vurulmuş tarixi mədəniyyət abidələrimizin, ümumiyyətlə mədəni irsimizin qorunması kontekstində olan məsələlər artıq gündəmdədir”.
Nazir qeyd edib ki, mədəni sərvətlərin ölkə ərazisindən kənara çıxarılması qəti qadağandır:
"Bu halda Azərbaycanın tam hüququ var ki, məsələ ilə bağlı beynəlxalq konvensiyalarla və ölkədaxili qanunvericilik aktları ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində mədəniyyət nümunlərinin geri qaytarılmasının təmin edilməsi üçün addımlar atsın. Bununla bağlı zəruri qiymətləndirilmə aparılmaqdadır. Vurulmuş maddi zərərin ilkin qiymətləndirilməsi mərhələsi aparılıb. Azərbaycan Mədəniyyət Nazirliyi ölkə ərazisindən çıxarılmış mədəni sərvətlərimizin geri qaytarılması istiqamətində artıq bir sıra tədbirlərə başlayıb. Bununla bağlı beynəlxalq səviyyədə İnterpol və digər hüquqi mexanizmlərdən istifadə edilir”.
Adil Kərimli hesab edir ki, Azərbaycan Respublikası ərazisindən istənilən yolla çıxarılmış mədəni sərvətlərimiz geri qaytarılmalıdır:
"Dövlət qurumu olaraq biz bu məsələnin üzərində ciddi iş aparırıq. Bu sahədə Azərbaycan dövləti tərəfindən də müəyyən tədbirlər görülməkdədir. Digər dövlət qurumları ilə birlikdə bu istiqamətdə intensiv olaraq işlər icra olunur”.
Xəbər 56 dəfə oxunub.