Ermənilərin yeni qorxusu: “Rusiya gedir, Türkiyə güclənəcək...”

Ermənilərin yeni qorxusu: “Rusiya gedir, Türkiyə güclənəcək...”

Türkiyə ilə Rusiya regiondankənar oyunçuların, xüsusən də Qərbin mövcudluğuna qarşı ortaq mövqedədir

"Rusiya gedir, amma Rusiyanın dəvət etdiyi Türkiyə qalır”. Bu barədə Erməni KİV-ləri yazıb. " Türkiyə Müdafiə Nazirliyi deyirdi ki, Rusiyanın da oradan çıxmasının vaxtı çatıb. Bütün bunlar Ərdoğanın 2023-cü il iyulun 12-də Rusiyanın Cənubi Qafqazdan çıxması üçün açıqladığı geri sayım kontekstindədir”, - deyə erməni mediası narahatlığını ifadə edib.

"Rusiyanın Azərbaycandan geri çəkilməsi Türkiyəni bölgədə daha da gücləndirəcək”. Bunu isə erməni analitik Davit Ananyan deyib. "Rusiya sülhməramlıları Qarabağdan çıxarılır. Baş verənlər onu göstərir ki, sülhməramlı kontingentin bu regionda əvvəllər məhdudlaşdırılmış missiyası artıq aktual deyil və yeni sülhməramlı missiyalar formalaşdırmaq da mümkün deyil”, - ekspert bildirib.

O qeyd edib ki, Rusiya bununla Azərbaycanda öz təsiri və mövcudluğunu itirir, ən əsası da bu, Rusiya və Azərbaycan rəhbərliyinin ən yüksək səviyyəsində qərardır. Ananyan hesab edir ki, Rusiyanın Azərbaycandan geri çəkilməsi Türkiyəni bölgədə daha da gücləndirəcək: "Bu kontekstdə bir şey aydındır ki, Ermənistanın maraqları və istəkləri müzakirə olunan prioritetlər çərçivəsindən açıq-aşkar kənarda qalıb. Baş verənlər bizə açıq şəkildə deyir ki, yaxın gələcəkdə bizdən asılı olmayan, amma bizim üçün yaxşı olmayacaq hadisələr gözlənilir”.

Heç şübhəsiz ki, bu açıqlama hər şeydən öncə Rusiya ilə Türkiyə münasibətlərinin korlanmasına yönəlib. Moskva zatən başa düşürdü ki, Türkiyənin Cənubi Qafqazdakı mövcudluğuna qarşı çıxmaqdansa, onunla əməkdaşlıq edib faydalanmaq daha yaxşıdır. Türkiyə də bilir ki, Cənubi Qafqaza daxil olmaq, söz sahibi olmaq üçün Rusiya ilə yaxşı keçinməlidir. Moskvanın əsas hədəflərindən biri Türkiyə ilə geniş bir coğrafiyanı əhatə edən ərazidə strateji müttəfiqlik qurmaqdır. Moskvada yaxşı anlayırlar ki, Qərblə ağır qarşıdurmada ona regional müttəfiqlər lazımdır. Ona görə də Cənubi Qafqazda və hətta başqa coğrafiyalarda Moskvanın Türkiyənin aktivləşməsini istəməsi təbiidir. Türkiyə geosiyasətinin orijinallığı həm də ondan ibarətdir ki, o, qlobal, kontinental və regional coğrafi məkanın bütün siyasi subyektləri arasındakı münasibətlərin incəliklərini nəzərə almaqla hərəkət edir.

Əli Orucov:

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, sülhməramlı qüvvələrini çıxarması Moskvanın Cənubi Qafqazdan çıxması anlamına gəlmir: "Rusiya Cənubi Qafqazı özünün ənənəvi və tarixi nüfuz bölgəsi hesab etdiyindən heç vaxt kənar oyunçuların müdaxiləsinə imkan verməyəcək. Tarixə qısa ekskursiya etsək görərik ki, ötən əsrin əvvələrində Birinci Dünya və Rusiyada vətəndaş müharibələri nəticəsində Cənubi Qafqazdan çıxması cəmisi 2 ilə yaxın vaxt çəkib. Sonra yenidən həmin əraziləri özünə ilhaq edib. Hazırkı reallıqlar və dünyada gedən sürətli proseslər Rusiyanın beynəlxalq və regional nüfuzunu kifayət qədər zəiflətsə də, tam sarsıtmayıb. Xüsusən də keçmiş SSRİ məkanında Baltikyanı dövlətlər istisna olmaqla, digərlərində öz ciddi təsirini hələ saxlamaqdadır. Ermənilərin narahatlığının əsl səbəbi başqadır. Ermənilər düşünürdülər ki, Rusiya Gürcüstanda və Moldovada olduğu kimi Qarabağdan çıxmayacaq və Bakı çətin duruma düşəcək. Bu, həm də ermənilərin nə vaxtsa Qarabağa qayıdacaqlarına, öz təcavüzkar niyyətlərini həyata keçirə biləcəklərinə ümidlər yaradırdı. Azərbaycanın fəal və düşünülmüş xarici siyasəti onların bu ümidlərini də məhv etdi. Erməni cəmiyyətinin bədbinliyə və qorxuya qapılmasının əsası yoxdur. Əvvəla, Rusiya Ermənistandadır və buranı da tərk etmək niyyətində deyil. İkincisi, Türkiyə və Azərbaycan Ermənistana qarşı nəinki təhdid yaratmır, əksinə, təhlükəsizliyinin təminatı və beynəlxalq aləmə çıxışı, həmçinin iqtisadi inkişafı üçün açar rolunu oynaya bilər. Əgər İrəvan özü qonşuları ilə mehriban qonşuluq və tərəfdaşlıq siyasəti yürüdərsə, regionda davamlı sülhə və təhlükəsizliyə doğru müsbət çox şey dəyişə bilər. Təəssüf ki, erməni cəmiyyətində Türkiyə və Azərbaycana qarşı ənənəvi, tarixi, hətta patoloji nifrət imkan vermir ki, real vəziyyəti düzgün, obyektiv qiymətləndirə bilsinlər. Ermənistan istədi-istəmədi, Türkiyə Cənubi Qafqazda var və olacaq. Türkiyə ilə Rusiya Cənubi Qafqaz məsələsində tarixi rəqib olsalar da, indiki vəziyyətdə regiondankənar oyunçuların, xüsusən də Qərbin mövcudluğu ilə bağlı ortaq mövqedədirlər. Moskva Türkiyənin burada rol almasını daha çox önəmsiyərdi. Türkiyə Rusiya ilə normal münasibət saxlamaqda maraqlı olan yeganə NATO ölkəsidir, regional gücdür. Türkiyə hətta bir sıra hallarda qlobal siyasətə təsir edə biləcək faktordur. Ermənistan cəmiyyətini təşvişə salan məhz bu amildir. Ermənilər anlamaq istəmirlər ki, nə Türkiyə, nə də Azərbaycan regionda yeni münaqişə istəyir. Türkiyənin regional siyasəti pozitivdir və bütün region ölkələri üçün faydalıdır. Bunu Ermənistan da nəhayət ki, anlamaq məcburiyyətində qalacaq. Fransa Ermənistanın Rusiyanın alternativi kimi təhlükəsizlik çətiri ola bilməz. Buna həm Türkiyə, Azərbaycan və Rusiya kimi regional güclər, həm də Fransa-İngiltərə qarşıdurması imkan verməz. Üstəlik də Fransa region üçün yad və çox uzaqdır. Odur ki, Ermənistan məcburdur ki, kənar oyunçuları Cənubi Qafqaza cəlb etmə taktikasından əl çəksin”.

 

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, siyasi şərhçi Niyaməddin Orduxanlı Kremlin sahibinin Azərbaycan və Türkiyəyə inandığını bildirdi: "Qardaş Türkiyə Azərbaycana bütün gücü ilə dəstək verib. Qarabağda rus ordusu ilə birgə müşahidə məntəqəsində fəaliyyət göstərib. Ermənilər məqsədli şəkildə təbliğat aparırlar ki Türkiyənin Qafqazda olması təhlükədir. Qərb bütün gücü ilə çalışır ki, Rusiyanın Azərbaycanla, Türkiyə ilə münasibətləri pozulsun. Rusiyanın axı Azərbaycana təsir imkanları yoxdur. Həm də bizim yanımızda qardaş Türkiyə faktoru var. Putin bunu nəzərə almaqla yanaşı, İlham Əliyevlə şəxsi münasibətləri yüksək səviyyədədir. O, Qərbin Azərbaycanla bağlı fikirlərini çox yaxşı bilir. Rusiya üçün bu gün ən optimal variant hər iki qardaş ölkə ilə iqtisadi, ticari, diplomatik və s. əlaqələrdir. Əməkdaşlığın inkişafında maraqlıdır. Biz Qərbin Rusiyaya qarşı hər hansı bir sanksiyasına qoşulmamışıq. Putin həm də arxayındır ki, həm İlham Əliyevdən, həm də Ərdoğandan ziyan gəlməz. Bizim partiya, yəni ƏHD Partiyası hər zaman bəyan edib ki, regionda Türk-Slavyan birliyi yaradıla bilər. Hətta bu birliyə İran da qoşula bilər. Çünki biz İranı da türk dövləti sayırıq. Avropa Birliyi modelində dediyimiz birlik alınsa, böyük bir coğrafi məkanda geniş əlaqələr qurula bilər. Burada vahid valyutanın dövriyyəsindən də söhbət gedir. Niyə də olmasın? Bu həm də sülhün əldə olunması və dinc şəraitdə yaşamaq deməkdir. Bu gün Avropa ölkələrində sərhəd dirəkləri on illərdir ki, sökülüb. Türkiyə ilə Rusiyanın birgə səyi nəticəsində daha geniş əlaqələr qurula bilər. Ermənistanın ağlı başında olsa, Qərbin əlində vasitə olmaqdan əl çəkər. Ermənistan başa düşməlidir ki, Qərb, ABŞ Ukraynanı Rusiya ilə qarşı-qarşıya qoymaqla hansı məqsədləri güdür. Öz gələcək nəsillərini düşünürlərsə, sülh və sabitlik şəraitində yaşamaq haqqında düşünməlidilər. Əks halda, Azərbaycanın "dəmir yumruğ"u yenə başlarına dəyəcək".

Xəbər 667 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR