Ermənilər girovları qaytarmağa hazırdır

Ermənilər girovları qaytarmağa hazırdır

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağın Xankəndi şəhərində Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın başçılıq etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin rəhbəri Tomas Xaye arasında görüş keçirilib.

ANS-in məlumatına görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilir ki, görüşdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslər barədə müzakirələr aparılıb və bu istiqamətdə olan problemlərin həlli yolları müzakirə edilib.

Ermənistan nümayəndə heyəti bəyan edib ki, Ermənistan tərəfi əsir və girovların qaytarılması istiqamətində Azərbaycan tərəfi ilə neytral zonada görüşərək istənilən formatda görüşlər keçirməyə hazırdır.


Erməni əsirliyində ölmüş Fərhad Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilib.


Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytında yerləşdirilən məlumatda görə, 1 noyabr 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4016 nəfər təşkil etmişdir. Onlardan 3256 nəfər hərbçi, 758 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. 

Mülki şəxslərdən 59 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 254 nəfər qadın, 351 nəfər yaşlı şəxsdir (154 nəfər qadın). 

Əsir, itkin düşmüş 4016 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınıb. 

Münaqişə müddətində 1419 nəfər əsir və girovluqdan azad edilmişdir. Onlardan 347 nəfər qadın, 1072 nəfər kişidir. Eyni zamanda 207 nəfər uşaq (73 nəfər azyaşlı qız), 287 nəfər yaşlı şəxsdir (110 nəfər yaşlı qadın). 

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 554 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilmişdir. Onlardan 104 nəfər qadın, 449 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 75 nəfər isə naməlum şəxslərdir.

Onu da bildirək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin oyuncaq “məhkəməsi” ötən il dekabrın 19-da D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. “Apellyasiya Məhkəməsi” bu qərarı qüvvədə saxlayıb.

Xəbər 939 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR