Azərbaycan Müdafiə Nazirliyi: Ermənilər cəbhədə minaatanlardan istifadə ediblər
"Düşmənin təxribatları davam edərsə, görüləcək adekvat tədbirlər daha sərt və genişmiqyaslı olacaq, onun verəcəyi itkilər isə erməni xalqının növbəti faciəsinə çevriləcək"
Son vaxtlar cəbhədə uğursuzluğa düçar olan və çoxsaylı itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri son sutka ərzində qoşunların təmas xəttində vəziyyəti daha da gərginləşdirmək məqsədilə 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozublar.
Aktual.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfi cavab tədbirləri məqsədilə düşmən səngərlərindəki hədəflərə və atəş nöqtələrinə daha üstün və iriçaplı silahlardan zərbələr endirib.
Müdafiə Nazirliyi bildirir ki, düşmənin təxribatları davam edərsə, görüləcək adekvat tədbirlər daha sərt və genişmiqyaslı olacaq, onun verəcəyi itkilər isə erməni xalqının növbəti faciəsinə çevriləcək.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən heç bir itki yoxdur: "Bütün cəbhə boyu əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır".