“Ermənilər başa düşməlidirlər ki, Sarkisyan rejimi onları cəhənnəm alovuna salacaq” - Azər Verdiyev

“Ermənilər başa düşməlidirlər ki, Sarkisyan rejimi onları cəhənnəm alovuna salacaq”   - Azər Verdiyev

“Hər kəs Ali Baş Komandanın əmrini gözləyir”
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 116 dəfə pozub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-sı gecə saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan – “Qrad” qurğuları, toplardan intensiv şəkildə atəşə tutublar.
Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Bundan başqa, yalnız bu üç gün ərzində 100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına, habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan vurulub.
Aprel ayı ərzində cəbhə xəttində baş verən hadisələrə münasibət bildirən ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı: “Aprelin 1-dən erməni tərəfinin təxribatları nəticəsində ciddi şəkildə toqquşma baş verdi. Azərbaycanın qüdrətli ordusu düşmən hərbi qüvvələrini demək olar ki, tamamilə sıradan çıxardı. Məhz bunun nəticəsidir ki, Sarkisyan generalları biri-birinin ardınca istefaya göndərir. Düşmən ölkənin müdafiə sistemi tamamilə iflasa uğrayıb, əhali arasında ciddi şəkildə narazılıqlar yaranıb. Onsuzda Ermənistan iqtisadi və siyasi cəhətdən tamamilə iflas durumdadır. Hərbi sahədə isə ordumuz düşmənə yerini göstərdi. Lakin Prezident İlham Əliyev də ən yüksək kürsülərdən də qeyd edib ki, Azərbaycan sülhpərvər dövlətdir və münaqişəni danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Görünür hərbi oyunlarla xalqının başına torpa tikən Sarkisyan hakimiyyəti şərəfsiz əməllərindən əl çəkən deyil. Belə olmasaydı aprelin 26-dan yenidən təxribatlara əl atmazdı. Ən maraqlısı isə budur ki, hərbi əməliyyatlar Bakının beynəlxalq tədbirə ev sahibliyi etdiyi vaxtlarda başlayır. Təəssüflə qeyd etmək olar ki, bu günlər ərzində beynəlxalq təşkilatlar, o cümlədən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT Minsk qrupu, bu quruma daxil olan dövlətlər Ermənistan silahlı birləşmələrinin işğal altında olan Azərbaycan ərazilərindən yaşayış məntəqələrini ağır silahlarla intensiv şəkildə atəşə tutmasına və bunun nəticəsində dinc sakinlərin həlak olmasına heç bir münasibət bildirməyiblər. Azərbaycan 25 il önəki gücdə deyil. Bizim güclü ordumuz var. Ən sevindirici məqam ondan ibarətdir ki, ölkədə hər kəs bir cəbhədə birləşib. Qoca, cavan, qadın, hətta əlillər belə cəbhə bölgəsinə getmək istəyirlər. Ali Baş komandan əmr etsin yetər. Hər birimizi bu ölkənin əsgəriyik. Hər birimiz öz qanımız bahasına olsa belə torpaqlarımızı azad etməyə hazırıq. Müdafiə naziri tərəfindən tapşırıq verilib. Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır. Ermənilər başa düşməlidirlər ki, Sarkisyan rejimi onları cəhənnəm alovuna salacaq”

Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR