Çin kütləvi informasiya vasitələri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrə dair materiallar yaymaqda davam edir.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, milli xəbər agentliyi Sinxua bir neçə dildə mövzuya toxunaraq, erməni separatçılarının atdığı mərmilər nəticəsində cəbhə bölgəsində yerləşən Tərtər və Goranboy rayonlarında ziyan dəymiş fərdi evlərdən və mülki obyektlərdən, habelə düşmənlə döyüşlərdə həlak olmuş şəhidlərin dəfn mərasimlərindən, xəstəxanalarda yaralılara göstərilən tibbi xidmətdən bəhs edən fotoşəkillər yayıb.
Agentlik Azərbaycan Müdafiə Nazirliyinə istinadla, ermənilərin komanda-qərargah məntəqəsinin məhv edilməsi barədə məlumat verib. Sinxua, bundan başqa, aprelin 3-də Azərbaycanın atəşi birtərəfli qaydada dayandırması, habelə aprelin 3-də, 4-də və 5-də cəbhə xəttində baş vermiş hadisələr haqqında xəbərlər yayıb.
Çin Mərkəzi Televiziyası CCTV mövzunu diqqətdə saxlayaraq, xəbər buraxılışlarında qoşunların təmas xəttində baş verən hadisələrə dair reportajlar yayımlayıb. Reportajlarda Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı erməni tərəfinin təxribatı barədə fikirlərinə geniş yer verilib: CCTV dövlətimizin başçısının aşağıdakı sözlərini subtitr tərcüməsi ilə efirə verib: “...Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm. Ermənistan bütün beynəlxalq normaları pozubdur... Hesab edirəm ki, bu gün – aprelin 2-si onlar üçün yaxşı dərs olacaqdır”.
Ölkənin digər kütləvi informasiya vasitələri də mövzu ilə bağlı xəbərlər yayıblar.