“Erkən nikahlara-yox!” mövzusunda layihə başladı

“Erkən nikahlara-yox!” mövzusunda layihə başladı

Azəri Gənclər Alyansı İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Erkən nikahlara-yox!” mövzusunda növbəti layihəyə start verib. 

Məlumata görə, layihə çərçivəsində Azərbaycanın Lerik, Lənkəran, Salyan və Quba rayonlarında valideyn-analarla ictimai dinləmələr, 11-15 yaşlı yeniyetmə qızlar üçün isə interaktiv üsullarla seminarlar keçiriləcək. İyunun 17 və 18-də Quba rayonun ucqar Çiçi kəndində qadınlarla ictimai dinləmələr, növbəti gün ekspertlər tərəfindən isə Qubanın Regional QHT-lərin resurs və təlim mərkəzində yeniyetmə qızlara təlim keçirilib və iştirakçılarla ətraflı müzakirələr aparılıb.

Layihə çərçivəsində “Erkən nikahlara-yox!” adlı sosial çarx hazırlanıb sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaq. Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu rayonların kəndlərində 11-15 yaşlı qızların və qızları zorla ərə verməyə çalışan valideynləri erkən nikah qurmaqdan çəkindirmək, Azərbaycanda erkən nikah probleminin azalmasına nail olmaqdır.
Dünyada hər gün 25 min, hər il 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda belə nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Azərbaycan BMT-nin Uşaq konvensiyasını ratifikasya etdikdən sonra, uşaq həddinin 18 yaş olduğunu qəbul etdiyi üçün, habelə Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən evlilik yaşı hər iki cins üçün 18-dən tez olmamaq şərti ilə dəyişiklik olunub. Bəzi hallarda istisna olaraq bu yaş yerli icra hakimiyyətinin razılığı olarsa, 17-yaş ola bilər. Apardığımız analizlərin nəticəsi göstərir ki, qanun dəyişikliyi və dövlət qurumları tərəfindən aparılan bütün səylərə baxmayaraq, son 10 ildə erkən nikahlardan dünyaya gələn uşaqların sayı 30 min nəfəri keçib.

Layihə çərçivəsində Quba rayonunda həyata keçirilən ictimai dinləmə və təlim zamanı Azəri Gənclər Alyansının sədri L.Məmmədli “Erkən nikahlara-yox!” adlı layihəni açıq elan etdikdən sonra yeniyetmə və qadınlara dünyada geniş yayılmış erkən nikahlar haqqında məlumat verdi və bu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq və gələcəyin layiqli vətəndaşları olmaqdan ibarət olduğunu bildirib. Daha sonra isə ekspertlər tərəfindən təlimlərin gedişində yeniyetmə gənclərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.





Xəbər 344 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR