Ərindən xəstə arvadına qarşı AĞLASIĞMAZ ƏMƏL - Balakəndəki dəhşətin TƏFƏRRÜATI

Ərindən xəstə arvadına qarşı AĞLASIĞMAZ ƏMƏL - Balakəndəki dəhşətin TƏFƏRRÜATI

Arvadına işgəncə verməkdə və qətlə yetirməkdə təqsirli bilinən Balakən rayon sakini, 1970-ci il təvəllüdlü Zeynal Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Zeynal Çobanov alkoqoldan istifadə etmə nəticəsində yaranmış alkoqolizm xəstəliyindən əzab çəkməklə mütəmadi olaraq spirtli içkilər qəbul edib.
Alkoqoldan əziyyət çəkən Zeynal ər-arvad münasibətində olduğu arvadı Kainət Mahamaxanovaya qarşı ailəsi ilə birlikdə yaşadığı, Balakən rayonu, Poşbinə kəndində yerləşən evində mütəmadi olaraq döyüb və digər zorakı hərəkətlər edib. O, 18 sentyabr 2016-cı il tarixdə hər hansı bir əsaslı səbəb olmadan çəkdiyi siqaretin yanmış ucluğunu Kainətin sol bazu nahiyəsinə iki dəfə və sol bud nahiyəsinə bir dəfə basıb.
İşgəncə
Qadın növbəti dəfə ərinin işgəncəsinə həmin ilin oktyabrın 7-də məruz qalıb. Zeynal Çobanov oğlu Röyal Çobanovun tərbiyəsi ilə məşğul olmadığını bəhanə gətirərək Kainət Mahamaxanovanı yaşadığı evdə yumruq və təpiklə döyüb, ona müxətlif dərəcəli bədən xəsarətləri yetirib.
Həmçinin Zeynal Çobanov həmin ilin oktyabrın 15-də yataq xəstəsi olan Kainət Mahamaxanovaya fiziki ağrı və psixi iztirablar yetirib, işgəncə, əzab verməklə, onu döyüb.
Qonşuların və övladının gözü qarşsında...
Bundan başqa, Zeynal Çobanov oktyabrın 17-də, saat 20 radələrində yenidən sərxoş vəziyyətdə qonşuları - Süleyman Babayevin və onun arvadı Kəmalə Allahverdliyevanın, həmçinin övladı Röyal Çobanovun gözü qarşısında arvadı Kainət Mahamaxanovanın hansı səbəbdən adı çəkilən qonşulara döyülməsini və mütəmadi əzab-əziyyətə məruz qalması barədə məlumat verməsini bəhanə edərək ona zor tətbiq edib. O, bu şəxslərin gözü qarşısında Kainət Mahamaxanovanın yataq xəstəsi olmasına baxmayaraq, yumruqla baş nahiyəsinə bir neçə zərbə vurub. Süleyman Babayev onun qanunsuz hərəkətlərinin qarşısını alıb və qadının döyməsinə davam etdirilməsinə imkan verməyib.
Gecə yarısı dava
Süleyman Babayev arvadı Kəmalə Allahverdiyeva ilə birlikdə onlardan getdikdən sonra həmin gün saat 22 radələrində Zeynal eyni hərəkətlərini davam etdirib, yenə də azyaşlı Röyal Çobanovun gözü qarşısında heç bir əsaslı səbəb olmadan arvadı Kainət Mahamaxanovaya işgəncə və əzab verib. Onun baş nahiyəsinə xəsarətlər yetirib.
Yataqda qətl
Bundan sonra Zeynal Çobanov verdiyi əzab və işgəncələrlə də kifayətlənməyərək Kainət Mahamaxanovaya qarşı əsassız olaraq bəslədiyi nifrət hisslərinə görə onu öldürmək qərarına gəlib. Bu niyyətini həyata keçirmək məqsədilə oktyabrın 18-də, səhər saat 07 radələrində Kainət Mahamaxanovanı boğaraq öldürüb.
Zeynal Çobanov Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə əzab vermə) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəsinə göndərilib. İşə hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Oğlumun ünsiyyət saxlamasını istəməmişəm"
Təqsirləndirilən şəxs qismində ifadə verən Zeynal Çobanov ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O göstərib ki, mərhum Kainət Mahamaxanova ilə 1991-ci ildən qeyri-rəsmi nikahda yaşayıblar: "Arvadımla aramızda mübahisə ancaq kiçik oğlum Röyala görə olub. Röyal azyaşlı olduğu üçün ona nəzarət etməsini Kainətə tapşırsam da, Kainət çox vaxt Röyala nəzarət etməyib. Röyalın qonşunun oğlu ilə ünsiyyət saxlamasını istəməmişəm".

"Qızım anasına qulluq edib"

Zeynal Çobanovun sözlərinə görə, 2016-cı ilin payız aylarında məktəbdə dərslərin yeni başladığı vaxt Röyalı qonşunun oğlu ilə görüb, ona acıqlanmaq istəyəndə arvadı Kainət Mahamaxanova buna icazə verməyib: "Mən də həmin vaxt Kainətin üzünə şillə vurmuşam. Kainət öldüyü gündən əvvəl diş nahiyəsindəki ağrılardan əziyyət çəkib, onun yüksək dərəcədə temperaturu olub. Qızım Şəhla anası Kainətə qulluq edib. Kainəti xəstəxanaya həkim-stomotoluqun yanına aparmışam. Həkim Kainətin dişləri xarab olduğu üçün temperaturunun olduğunu bildirib və Kainətə müalicəsi üçün dərmanlar yazıb. Həkim Kainəti bir neçə gündən sonra yenidən xəstəxanaya gətirməyimi tapşırıb. Biz xəstəxanadan çıxdıqdan sonra həkimin Kainət Mahamaxanova üçün yazdığı dərmanları almışam".
"Kainətin öldüyünü bildirdilər"
Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 18-də Kainəti yenidən həkim-stomotoluqun yanına aparacağı gün səhər saatlarında onu yuxudan oyadıb: "Ona Röyalın məktəbə gecikəcəyini bildirdim. Həmin vaxt Kainət də yerindən qalxaraq sobanı yandırdı. Mən isə Röyalı yuxudan oyatdım. Röyalın paltarlarını almaq üçün o biri otağa keçən zaman səs eşitdim. Otağa baxanda Kainətin yıxıldığını gördüm. Kainəti yerdən qaldıraraq çarpayıya qoydum. Röyal anası üçün cəld su gətirdi. Qardaşı arvadı Minayəni evə çağırdıq. Qardaşıma zəng etdim, daha sonra isə təcili tibbi yardım xidmətinə zəng edərək arvadımın vəziyyətin yaxşı olmadığını və yaşadığım evə gəlmələrini xahiş etdim. Təcili tibbi yardım xidmətinin həkimləri evə gəldilər. Müyainə zamanı Kainətin öldüyünü bildirdilər".
"Arvadıma işgəncə verməmişəm"
Zeynal Çobanov qeyd edib ki, daha sonra evə polis şöbəsindən və prokurorluqdan əməkdaşlar gəlib: "Onlar Kainət Mahamaxanovanı öldürdüyümü eşitdiklərini bildirərək, məni polis şöbəsinə aparıdlar. Polis şöbəsində hadisəni olduğu kimi danışmışam. Arvadımı öldürmədiyimi və ona xəsarətlər yetirmədiyimi bildirdim. Kainəti döyməmişəm, ona işgəncə verməmişəm. Meşədən odun gətirdiyim vaxt odunları avtomobilə yığan zaman oğlumun atdığı odunun Kainətə dəyib. Bunun üçün Kainətin bədənində xəsarətlər yaranıb. Payız aylarında da lobya parnikləri üçün istifadə etdiyimiz ipləri sökərək yandırdığımız vaxt həmin yanan iplərin ucları Kainətə dəyib, bunun üçün onun bədənində yanıq izləri olub.
"Anamı atamın öldürdüyünü dedilər"
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Şəhla İbrahimova bildirib ki, oktyabrın 14-də Beyləqan rayonuna gedib: "Hadisə olan günü, yəni oktyabrın 18-də atam Zeynal zəng edərək anamın öldüyünü bildirdi. Həmin gün Beylaqan rayonundan yaşadığım Balakən rayonu Poştbinə kəndinə qayıtdım. Evə çatanda atamın evdə olmadığını gördüm. Atamın polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını bildim. Sonra anamın ölümü ilə maraqlandım. Bu zaman anamın atam tərəfindən öldürüldüyünü dedilər".
Şəhla İbrahimova bildirib ki, atası Zeynal Çobanovla anası Kainət Mahamaxanovanın arasında heç bir əsaslı səbəb olmadan tez-tez münaqişələr yaşanıb, Zeynal Çobanovun müxtəlif vaxtlarda Kainət Mahamaxanovanı döyüb, onun bədəninə təpiklə zərbələr endirdiyinin şahidi olub.
18 il cəza
Məhkəmənin hökmü ilə Zeynal Çobanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zeynal Çobanov apelyasiya şikayəti verib. O, işinə yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.
Zeynal Çobanovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Zeynal Çobanovun şikayəti təmin olunmayıb./Publika.az
 
Aktual.az
Xəbər 678 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR