"Hadisələr axarına düşsün, başımızın üstündən dumanlar çəkilsin, müharibə bitsin. Bəlkə qələbə konserti verdim. Şəhidlərimiz oldu, ona görə konserti təxirə saldım. Vətən ağlayanda gülmək olmaz".
Aktual.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. Müğənni mayda Heydər Əliyev Sarayında planlaşdırdığı konsertinin təxirə düşmə səbəblərini açıqlayıb:
"Konsertə çox xərc çəkmişdim, işlərin yarıdan çoxu hazır idi. Fərqli proqram hazırlamışdım. Reklam hamısı pul aparırdı. Biz hər şeyi vətən üçün edirik. Xalqımız göz yaşı tökürsə, necə oxuyum? Mən də şəhid ailəsiyəm. Həyat yoldaşımı və qardaşımı itirmişəm. Bu acını bilirəm".
G.Əliyeva cəbhə bölgəsində konsert verən və onu sosial şəbəkədə yayan həmkarlarını qınayıb:
"Müğənnilərimizin gedib konsert verməsinin əleyhinəyəm. 1994-cü ildən indiyə kimi bütün cəbhə bölgəsində olmuşam. İstər müğənni, istər müəllim, istər yardım edən bir insan kimi oralara getmişəm. Əsgərlərimiz var idi ki, ayaqlarına geyinməyə çəkmələri yox idi, cırıq ayaqqabı ilə döyüşürdülər. Hər il bayramda əsgərlərlə görüşmüşəm. Bu gün qoşunlarımız yüksək zirvə fəth edib, amma çoxlu oğullarımız şəhid olub. Gedib orda necə konsert vermək olar? Dostunu itirən əsgər nə anlayacaq oxuyandan? Bunu düşünmək lazımdır. Ani hallardan istifadə edib, nəsə qazanmağa çalışmasınlar. Gedib cəbhədə şou göstərib, çəkib İnstaqrama qoymağın yeri yoxdur. Gedib oturun, söhbət edin, bu daha yaxşı addımdır".
// Aktual.az