Ermənistan suverenliyin və qarşılıqlılığın qorunması prinsipi əsasında regionda bütün kommunikasiyaların blokdan çıxarılması ilə bağlı mövqeyini bir daha təsdiqləyir.
Aktual.az xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinə Ermənistanın deyil, İranın mane olması barədə açıqlamasını şərh edərkən deyib.
Mirzoyan qeyd edib ki, xüsusən üçüncü ölkələrlə bağlı irada (yəni Ərdoğanın iradı İrana olduğu üçün – red.) heç bir reaksiya verməyəcək:
"Amma ümumilikdə götürdükdə nəqliyyat əlaqələrinin bərpasından söhbət gedirsə, o zaman Ermənistan öz mövqeyini bir daha təsdiqləyir. İrəvan regionda kommunikasiyaların açılmasında maraqlıdır, o cümlədən Ərdoğanın qeyd etdiyi Pekin-London "nəqliyyat oxu” kontekstində. Eyni zamanda, bu infrastrukturlar məlum prinsiplər, xüsusən də ərazisindən keçdikləri ölkələrin suverenliyi prinsipi çərçivəsində blokdan çıxarılmalıdır. Kommunikasiyalar bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır”.
Xarici işlər naziri əlavə edib ki, vaxtaşırı olaraq baş nazirin müavini intensiv görüşlər keçirir və bu görüşlərdə blokun açılması məsələləri müzakirə olunur:
"Müəyyən irəliləyiş var. Amma hələlik yekun nəticə yoxdur”.
Qeyd edək ki, Naxçıvanı Azərbaycanla birləşdirən "Zəngəzuri dəhlizi” ilə bağlı sualı cavablandıran Türkiyə Prezidenti Rəcəb Ərdoğan dəhlizin açılmasına qarşı olan ölkənin Ermənistan deyil, İran olduğunu bildirib:
"İranın bu məsələdə yanaşması bizi və Azərbaycanı məyus edir. Arzu edirəm ki, tezliklə bu problemin öhdəsindən gələ bilək. Əgər İran müsbət yanaşarsa, Türkiyə, İran və Azərbaycan bir-biri ilə əlaqə quracaq və quru və dəmir yolu ilə Pekin-London marşrutumuz ola bilər”.
Xəbər 244 dəfə oxunub.