Türkiyənin Baş naziri Əhməd Davudoğlu koalisiya hökumətinin qurulması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, Davudoğlu çıxışında CHP ilə koalisiya hökuməti qurulmasını istisna etməyib. Onun sözlərinə görə, CHP lideri Kamal Kılıçdaroğluna vəzifə verilə bilər:
"7 iyundan bəri bu ana qədər millətimiz də şahiddir ki, qanun çərçivəsindən kənara çıxmadıq. Bundan sonra da belə olacaq. Konstitusiya nə tələb edirsə, qanunlar nə deyirsə, ona da əməl etmişik. Konstitusiya deyir ki, TBMM sədri seçilir. Seçildi. Prezident vəzifə verir, verdi də. Mənsə ötən həftə vəzifəmi təhvil verdim. Qeyri-adi bir görünüş verilmək istənilən hər mərhələdə son dərəcə səbrli davranmaq lazımdır. Prezident konstitusiya çərçivəsində bu gün səlahiyyətindən istifadə edərək hər hansı bir şəxsə vəzifə verə bilər. Bu, artıq prezidentin səlahiyyətində olan bir məsələdir.
Cümə axşamı prezident Kılıçdaroğlu və Baxçalıya müraciət etmişdi. Kaş ki, prezidentimiz belə bir qərar vermək məcburiyyətində qalmayaydı. Kaş ki, biz siyasi partiya liderləri bunu həll edə biləydik. Ümid edirəm ki, verdiyimiz təkliflər 24 saat ərzində cavablandırılacaq. Kılıçdaroğluna vəzifənin verilib-verilməməsi prezidentimizin səlahiyyətindədir".