Türkiyədə hakim partiya daxilində yaranmış ziddiyətlər baş nazir Əhməd Davudoğlunun vəzifəsindən ayrılması ilə nəticələnib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən gün axşam baş nazir Əhməd Davudoğlu il prezident Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdən sonra AKP-nin növbədənkənar qurultaya getməsi qərara alınıb. Və Davudoğlunun bu qurultayda AKP başqanlığına namizəd olmayacağı, beləliklə də baş nazir postunu təhvil verəcəyi açıqlanıb. Qurultay mayın 28-nə təyin olunub.
AKP daxilində Davudoğlunun vəzifədən faktiki uzaqlaşdırılmasına gətirib çıxaran ziddiyətlərin kökü prezident Ərdoğanın hakim partiyanın daxili məsələlərində əsas söz sahibi kimi qalmasından, baş nazirin partiyada formal fiqura çevrilməsindən qaynaqlanır. Apelin 29-da AKP-nin bölgə təşkilatlarının liderlərinin təyinatı səlahiyyəti Davudoğlundan alınıb. Bu da baş nazirin partiya rəhbəri statusunun şübhə altına alınması demək idi. Qərar Ərdoğanın təlimatı ilə qəbul edilib. Xəbərlərə görə Davudoğlu bunun səbəbini soruşanda Ərdoğan ona “partiyanın lideri olaraq qaldığını” xatırladıb. Habelə prezident baş nazirə AKP-nin növbədənkənar qurultayını çağırıb “lazım olanı etməyi”, yəni səlahiyyətlərini təhvil verməyi tapşırıb.
Mayın 4-də axşam Ərdoğanla görüşmək üçün onun sarayına gedən Davudoğlunun elə oradaca istefa qərarını açıqlaması gözlənilirdi. Lakin baş nazir dərhal istefa verməyib, AKP-nin növbədənkənar qurultayına qədər vəzifəsində qalıb namizədliyini irəli sürməmək variantına üstünlük verib.
Türkiyədə ilk dəfədir ki, baş nazir hakimiyyətdən hərbi çevriliş və ya parlamentd etimadsızlıq göstərilməsi nəticəsində deyil, hakim partiya daxilində yaranan ziddiyətlər nəticəsində uzaqlaşdırılır. Davudoğlu 21 ay əvvəl təkrar parlament seçkilərində AKP-nin qələbəsindən sonra baş nazir olmuşdu. Onun Ərdoğanla münasibətləri “güclü prezident-çalışqan baş nazir” formuluna əsaslanırdı. Lakin tamamilə aydın idi ki, Davudoğlunun Nazirlər Kabinetini idarə etməsi əslində formaldır, nazirlər Ərdoğan tərəfindən təyin edilir və onun göstərişləri ilə hərəkət edir. Türkiyədə prezident üsul-idarəçiliyi hələ mövcud deyil, Ərdoğan Konstitusiyanı dəyişdirərək prezident üsul-idarəçiliyinə keçməyə çalışır. Lakin faktiki olaraq ölkədə bu idarəçilik modeli qüvvədədir.
AKP qurultayında baş nazir postuna kimin namizəd irəli sürüləcəyi haqda bir neçə variant var. Məlumatlara görə namizədlərdən biri Ərdoğanın kürəkəni, energetika naziri Berat Albayrakdır. Digər namizəd nəqliyyat naziri Bineli Yıldırımdır. Habelə ədliyyə naziri Bekir Bozdağın və baş nazirin müavini Neman Kurtulmuşun da adları çəkilir. Mətbuat yazır ki, Ərdoğan artıq yeni baş nazirin kim olacağını müəyyən edib və həmin şəxsin adı sürpriz olmayacaq.
Davudoğlu AKP-də Ərdoğandan sonra ən güclü və xarizmatik lider hesab edilirdi. Keçmiş prezident Abdullah Gülün Ərdoğanla yollarını ayırmasından və AKP-dən getməsindən sonra hakim partiyada önə çıxa biləcək başqa siyasətçi gözə dəymir. AKP faktiki olaraq tək liderin partiyasına çevrilib. Partiyanın bir çox simalarının adı korrupsiya qalmaqallarına bulaşıb və siyasi karyeralarına ciddi zərbə dəyib. İndi gözlənilir ki, mayın 28-də təyin ediləcək yeni baş nazir Davudoğlundan daha çox formal fiqur olacaq və Nazirlər Kabinetinin idarə edilməsində əsas səlahiyyət sahibi Ərdoğan olaraq qalacaq.
// Aktual.az