Tam səmimi sözümdür: Dünyada baş verən prosesləri, siyasi gedişləri, sistemli oyunları, hesablı, planlı addımları analiz edərkən böyük güclərin, "dərin dövlət” idarəçilərinin "istedadına” həsəd aparmaya bilmirsən.
Hətta adama hərdən elə gəlir ki, məsələn, ABŞ – də təqvim ili 2026 yox, 2056 - dır. Və ya, onların indi yaşadıqlarını "dərin dövlət”in ssenaristləri ən gec 96 - dan, 98 - dən qrafikə, trafaretə salıblar və bu gün müşahidə olunanlar da yalnız "hazır məhsul”dur, tamaşadır, illüziyadır.
Yoxsa, ay "simpsonlar” elə getdi, Vanqa belə gəldi...
İnanın, hamısı qeyri - ciddi söhbətlərdir.
Sadəcə gərəkli mesaj(lar)ı bəşəriyyətə hansısa əsatir(lər) üzərindən ötürmək lazımdır. O qədər.
Hə, razıyam, bəzən bəlli etapda müəyyən mərkəzdənqaçmalar, axına qarşı gedişlər də müşahidə edilə bilər. Çünki sistem insan övladı tərəfindən idarə olunur. Amma məsələ burasındadır, biz bunu düşünə biliriksə, bilmişiksə, demək ki "beyin institutları” da öz işlərini yüz il əvvəldən sığortaya alıblar və istənilən "fors major” durum üçün alternativ mexanizmlər hazırlayıblar.
Eynən, "Epşteyn işi” kimi...
Nədir, bu silkələmə, qorxuyaratma, təsiretmə şousunun əsas məramı?
Dünyanı reallıqlardan agah etməkmi? - Xeyr! Hüququ pozulmuş insanların haqqını illər sonra qaytarmaqmı? - Xeyr! Qaranlıq keçmişə ekskursmu? - Yenə də xeyr!
Məqsəd - ("dərin dövlət”in zənnincə) Hansısa düz getməyən, çərçivədən çıxan, ahəng pozğunluğu yaradan prosesi, hadisəni, gedişatı əngəlləməkdir. Vəssalam. Daha sadə dildə və öz ehtimallarıma əsasən desəm: Tramp son zamanlar çox ciddi addımlar atdı, qlobal nəzarəti şəxsi kontroluna almağa çalışdı, bir sıra layihələri gerçəkləşdirdi, öz sələflərindən fərqli olaraq (bölgələrdə) sülhün bərqərar olması üçün real çabalar göstərdi və bununla da çox güman, "fövqəlgüclərin” iearxiyasında müəyyən narahatlıq və narazılıq yaratdı.
Cavabı da bu şəkildə verildi...
Qısası: Gerçək Bin Laden nədirsə, Epşteyn də odur.
Və ya: Hər ikisinin vizual və fiziksəl baxımdan nə zamansa mövcudluğu, hələ o demək deyil ki, onlar həqiqətən bu işlərin içində olublar, barələrində bəhs edilən cinayətləri törədiblər, haranısa partladıblar, uşaq oğurlayıblar və sair, ilaxır.
Yəni, tam mümkündür, bu cür ssenarilər daha öncədən, məqsədli şəkildə hazırlansın və bu gün məqamı gələndə istifadə edilsin.
Hətta məlum kontekstdə artıq bir çox adlar da hallanmağa başlayıb: "Mossad” - Britaniya əməkdaşlığı, Çin - Rusiya ittifaqı, Demokratların Avropalılarla işbirliyi...
Hərgah, məsələ ilə bağlı mənim mövqeyim tam fərqlidir və qənaətim də belədir: Düymə "dərin dövlət” tərəfindən basılıb!
Niyə? Çünki, prosesin hətta ən qarmaqarışıq nöqtəsində belə dövlət siyasətinin əsas sütunlarına toxunulmur. Yəni, lider həlqəyə alınıb, amma ümumi strategiya yerindədir.
Diqqət edin: Sənədlərdə adı keçən əsas fiqurlardan biri kimdir? - Modi. Hindistanın hazırki baş naziri. Adı çəkiləndən sonra nə baş verdi? Daha doğrusu, diqqət çəkən nə baş verdi? - Hindistan höküməti açıqca bəyan etdi ki, biz, bundan sonra nefti Rusiyadan deyil, Amerikadan alacağıq. (Söhbət, Venesuela neftindən gedir)
Digər məqam: Prioritet paraqraflarda başqa kimlərdən və ya dövlətlərdən bəhs edilir? - Vəlihəd, Danimarka. İsveç.
Ağlınıza heç nə gəlmədisə, Qrenlandiya məsələsini xatırladım...
Britaniya isə...Heç şübhəsiz, köhnə (əbədi) rəqibdir. Hələ kolonist dövründən.
Ya da olsun, Kanada, İspaniya, Braziliya. Təsadüfdürmü? - Əsla!
Dərinə getsən, mütləq bir siyasi bağlılıq, əlaqə tapacaqsan...
Yaxşı, bəs Trampla bağlı problem nədir?!
Qısa və konkret: Onun yetərincə güclənməsi və müstəqil qərarlar verməsi.
Amma, "dərin dövlət”lə Trampın mövqeyi demək olar üst - üstə düşür axı. Bu nonsensin necə, izahı varmı?!
Cavab: Bəli, var. Fəqət, bu izah abstrakt proqnoz(lar)dan o yana keçmir. Yəni, nəsə ziddiyyət yaşanır, sadəcə kök, mənbə hələ məlum deyil. Eyni zamanda, düşünürəm ki, "mövqelərin tam üst-üstə düşmə məsələsi” də aldadıcı görüntüdür və "dərin dövlət”lə Tramp arasındakı anlaşılmazlıq çox güman, Qəzza mövzusu və bu mövzu ətrafında baş verən hadisələrlə bağlıdır.
Ayrıca, Vensin gələcək (Prezidentlik) perspektivinə indidən sipər çəkmək meylləri də əsas motivlərdən biri ola bilər.
**
Nəticə etibarilə isə…Tramp "va bank” gedir.
Və düz də edir!
Hətta Venesuela mövzusunda belə.
Niyə?
Çünki o öz adını Amerika tarixinə Baydendən fərqli olaraq silah satıcısı kimi deyil, sülh təşviqçisi kimi yazdırmaq istəyir.
Çünki o, dəqiq bilir: Ukrayna üzərindən boylanan Avropa nəhənglərinin əksəriyyətinin niyyəti sadəcə öz maraqlarını güdmək olub, "seyidəhməd” əli ilə ilan tutmaq olub, yardım adı altında büdcədən pul silmək olub.
Çünki o realistdir. Çılğın olsa da realistdir və gözəl anlayır ki, məsələn, Venesuela məsələsi ilə bağlı BMT-yə, ya da digər təşkilatlara müraciət etsəydi, onlarla məsləhətləşsəydi, hərə bir nağıl söyləyəcəkdi və beləcə, ölkəsinin maraqları, sərhədləri daim təhlükə altında qalacaqdı. Ona görə də düzgün bildiyi yolu seçdi, haqqı güclə pərçimlədi, lokal əməliyyatla düşmənini zərərsizləşdirdi və hamını da yerində oturtdu.
Çünki o, Yaxın Şərqdə, Qəzzada, Avropada gedən oyunlardan (bütün təfərrüatlarına qədər) məlumatlıdır və indiyə qədər həmin oyunları quran "oyunçu”ların üzünə həqiqətləri, reallıqları tərs sillə kimi çırpmaqla əslində ən faydalı olan işi görür.
Çünki o, Konstitusiya tələbinə görə bir də heç vaxt Prezident olmayacağının, seçilməyəcəyinin fərqindədir və bu səbəbdən də əlindəki zamanı düzgün qiymətləndirməyə, hər kəsin gözünü açmağa, bütün riyakarların maskasını gec olmadan yırtmağa çalışır.
Çünki o, bir çoxları ilə müqayisədə daha dürüst, daha cəsur, daha ürəkli adamdır!
Ən azından dost və müttəfiq dediyinə kürəkdən zərbə vurmur.
Sağ göstərib, sol vurmur.
TƏYYARƏ VURMUR...
Çünki o, yeganə dünya masştablı liderdir ki, konkret olaraq Azərbaycanla bağlı məsələdə təməlli sülhün varlığı üçün real iş gördü, real təşkilatçılıq etdi, sərgilədi!
Nəhayət;
Çünki o mənim Prezidentimə dəyər verir!
Bizim dəyərlimizə dəyər verənin dəyəri, yeri isə başımızın da, qəlbimizin də, ruhumuzun da üstündə olmalıdır!
***
Mövzunun bir diqqətçəkən tərəfini də qeyd edim və yazını bitirim:
ABŞ -nin ən yeni tarixinə nəzər salsaq görərik ki, bütün bənzər qalmaqallar ("Watergate” "WikiLeaks” "Epşteyn işı”) məhz respublikaçıların hakimiyyətdə olduğu dövrdə ortalığa atılıb.
Birinci qalmaqal Prezident Riçard Niksonun istefası (1974) ilə nəticələndi. (Bu, Amerika praktikasında ilk və son presedentdir)
İkinci qalmaqal oğul Buşa sözün gerçək anlamında böyük vəhşətlər yaşatdı və onu bir çox layihələrdən, vədlərdən, prinsipial mövqelərdən geri çəkilməyə məcbur etdi.
3-cü raund isə indi başlayıb.
Və görünən budur, hesab hələ ki, 1-0 Trampın xeyrinədir.
Ümid edək, 3-0, 5-0, hətta 10-0 olsun.
Ümid edək, Tramp bu döyüşdən mütləq qalib kimi ayrılsın.
Çünki respublikaçılardan fərqli olaraq demokratların kiməsə xeyir verdiyini, hansısa yaralı barmağa yod sürtdüyünü indiyə qədər görən olmayıb...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Xəbər 74 dəfə oxunub.