Energetika naziri: Neft razılaşması inandırıcı deyil

Energetika naziri: Neft razılaşması inandırıcı deyil

Energetika naziri Natiq Əliyev hesab edir ki, ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, Vyetnam, Sudan, Suriya və s. bu kimi ölkələri neft bazarının tənzimlənməsi prosesinə cəlb etmədən neft bazarında tarazlığa nail olmaq o qədər də inandırıcı deyil.

Aktual.az xəbər verir ki, belə bir bəyanatla nazir "Respublika” qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Tənzimləmə prosesində qeyri-OPEK dairəsini müəyyən sayda ölkə ilə məhdudlaşdırıb ABŞ, Birləşmiş Krallıq, Çin, Hindistan, Vyetnam, Sudan, Suriya və s. bu kimi ölkələri prosesə cəlb etmədən neft bazarında tarazlığa, hamını razı salacaq qiymətlərə nail olmaq o qədər də inandırıcı deyildir”,- deyə N.Əliyev qeyd edib.

O deyib ki, sentyabrda gündəlik neft hasilatı qeyri-OPEK ölkələri üzrə 56,4 mln. barrel/sutka) həcmində olub.

"Gündəlik neft hasilatının 24,61 mln. barreli iclasa dəvət edilən və qeyri-OPEK adı altında təsnif olunan ölkələrin payına düşürsə, onda təxminən 31-32 mln. barrel neft nəzərə alınmamış olur”, – deyə N.Əliyev vurğulayıb.

O əlavə edib ki, açıq qalan və həlli vacib olan digər bir məqam da hasilatın artırılmaması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə onun idarəetmə mexanizminin yaradılması və qərarın tətbiqinə nəzarətin hansı şəkildə həyata keçirilməsindən ibarətdir.

"Noyabrın 30-dək ortaq məxrəcə gəlmək üçün müzakirə ediləcək kifayət qədər məsələlər var. Azərbaycan da növbəti toplantıya yüksək səviyyədə qatılaraq, prosesin müsbət sonluqla yekunlaşmasına dəstək nümayiş etdirəcək.

Xüsusi vurğulamaq lazımdır ki, rəsmi Bakı dünya enerji balansının bərpa edilməsi istiqamətində konstruktiv mövqe nümayiş etdirərək öz neft siyasətini dəyişən reallıqlara uyğunlaşdırmağa çalışır”, - deyə Energetika naziri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycanın öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada dəfələrlə bəyan edib.

O əlavə edib ki, OPEK ölkələrinin ümumilikdə qeyri-OPEK ölkələrindən 2017-ci ilin yanvarın 1-dən başlayaraq altı ay müddətinə gündəlik hasilat həcmindən 880 min barrel həcmində ixtisarların edilməsi barədə gözləntiləri var. 

Rusiya gündəlik neft hasilatının 300 min barrel həcmində ixtisarına razı olmaqla bərabər, belə bir mövqedədir ki, bu həcmin ixtisarı neftin qiymətinə əsla təsir etməyəcək. Braziliya hasilatı dondurmağa və ya ixtisar etməyə hazır deyil, Meksika isə bütün variantların açıq olduğunu qeyd edərək, OPEK-dən xüsusilə investisiya sahəsində müəyyən stimullaşdırıcı addımlar gözləyir.
 
Aktual.az
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR