Ən təhlükəli sürüşmə əraziləri -SİYAHI

Ən təhlükəli sürüşmə əraziləri   -SİYAHI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Böyük Qafqazın dağlıq ərazilərinin sürüşmə prosesi üzrə təhlükəlilik dərəcəsini qiymətləndirib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, institutdan verilən məlumata görə, bu zaman sürüşmələrin fəallığının dərəcəsini özünə daxil edən bütün parametrlər - ərazinin seysmoaktivliyi, antropogen təsir, torpaq-bitki örtüyünün eqradasiyasının səviyyəsi, eroziya parçalanması və sürüşmənin dinamikası nəzərə alınıb.

Aparılan araşdırmalara əsasən, ümumi ərazisinin 65-70%-nin sürüşmələrlə əhatə olunduğu ən gərgin geosistemi olan ərazilər daha təhlükəli hesab edilib. Bu ərazilər Böyük Qafqazın orta və aşağı dağlıq zonaları - Vəlvələçay, Girdimancay, Gilgilçay, Ataçay, Pirsaatçay və başqa çay hövzələridir.

Bununla yanaşı, məlum olub ki, son illərdə Böyük Qafqazın cənub meylinin yüksək dağlıq zonasında – Girdimançay-Tikanlıçay çayları arasında sürüşmə prosesləri xüsusilə fəallaşıb. Buna səbəb antropogen amillərin hədsiz artması - bu ərazilərdə mal-qaranın çox otarılmasıdır. Böyük Qafqazın şimal-şərq meylinin orta dağlıq zonasında meşələrin intensiv kəsilməsi sürüşmələrin aktivləşməsinə təkan verib.

Böyük Qafqazın Azərbaycan hissəsində son 15 ildə qeydə alınan ən təhlükəli sürüşmə prosesləri:

- Bakının Bayıl yamacı, Nobel prospekti, Dilarə Əliyeva küçəsi;
- Qusar rayonunun Urva, Sudur, Elik kəndləri;
- Quba rayonu, bu rayonun Dəlləkli, Küncüt, Güləzi, Afurca, Buduq kəndləri;
- Muğanlı-İsmayıllı avtomobil yolu;
- Quba-Xınalıq yolunun 29-cu km-i;
- Şamaxı rayonu, rayonun Muğanlı, Çağan, Çiçi kəndləri;
- Bakının Xətai, Səbail, Sabunçu rayonları, Badamdar qəsəbəsi;
- Abşeron rayonunun Masazır qəsəbəsi;
- Ağsu və Şamaxı avtomobil yolu;
- İsmayıllı rayonunun Xankəndi kəndi;
- Bakı-Sumqayıt yolu.

Son 15 ildəki sürüşmələrin çoxu 2010-cu ildən sonrakı dövrdə baş verib. 2000-ci ildə yalnız Bayıl yamacında 1 (sürüşmə şəhərsalma qaydalarının pozulması, yamacın ağır yüklənməsi səbəbindən), 2005-ci ildə Bakının Nərimanov prospektində 2 (evlərin zirzəmilərinin su ilə dolması və Mikyıl Muşfiqin heykəlinin yanındakı çoxmərtəbəli evin bünövrəsində aparılan işlərlə əlaqədar) və Dilarə Əliyeva küçəsində 1 (tikinti zamanı 50 metrlik su kəməri borusunun partlaması nətiəsində) sürüşmə qeydə alınıb.

Araşdırmalar göstərib ki, Abşeron yarımadası, xüsusilə Bakı şəhəri şəhərsalma qaydalarının pozulmasına görə sürüşmə proseslərinə daha meyillidir. Sürüşmələr Qusar maili düzənliyinin daxilində geniş inkişaf edib. Böyük Qafqazda sürüşmələr, demək olar, bütün şaquli zolaqlarda formalaşıb.

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR