Ən fəal deputat və ya Azay Quliyevin Vətən sevgisi

Ən fəal deputat və ya Azay Quliyevin Vətən sevgisi

O, yüksək vətənpərvərliyi, iradə və əzmkarlğı ilə yanaşı, yorulmaz əməyi və ictimai-siyasi xadim statusu ilə də tanınır. Onun fəaliyyəti həm örnəkdi, həm də misal. Hər zaman Azərbaycan belə ziyalılar yetişdirməklə dünya miqyasında öyünüb və bu ənənə hazırda da davam edir. Bəli, təsadüfi deyil ki, tarixi irsimizdən gələn bir ata sözünü yerinə düşəndə təkrarlayırıq: "Ağac dibindən su içər” 
 
Qərbi-Azərbaycanımızın Sisyan rayonunun Vağudi kəndində ziyalı ailəsində böyüyən Azay müəllim, sözün əsl mənasında öz soy-kökünə və məmləkəti Azərbaycana layiqli övlad olmağını atası Əjdər kişidən əxz etmişdi. Ailə tərbiyəsi ona dünyagörüşü, gələcək təşkilatçılıq fəaliyyətini və rəhbərlik istedadını öyrədirdi. Zaman-zaman balaca Azay böyüdükcə arzuları da özü kimi böyüyürdü. Uşaqlıqdan hər bir məsələyə fərqli və məntiqi yanaşma tərzi ona soydan gəlirdi. Bu adət onu həmyaşıdlarından da fərqləndirirdi. Ölkənin bir nömrəli ali təhsil ocağı - Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmağı qarşısına məqsəd qoyan bu gənc, məqsədinə uğurla nail olur. Və zəhmətinin ilk uğuru ona həyatında yeni cığırlar acır. O, artıq tələbə adını qazanmışdı, bundan sonra həyatın hər çətinliyinə məğrurcasına sinə gərməyə israrlıydı. Çünki, o, Əjdər kişidən aldığı tərbiyə, qazandığı təcrübələrlə həyata tam hazırlanmışdı. Sadəcə ona  bu mübariz düşüncədən əl çəkməmək,  hər zaman irəli baxmaq və bütün məqsədlərə çatmaq əzmi qalırdı. Hər bir halda bu düşüncə onun yaddaş kitabçasının əsas səhifəsində yer alırdı. Yorulmaz əməyin bünövrəsini uşaqlıqdan öyrənən bu zəhmətkeş gənc, ilk dəfə olaraq təşkilatı işlərə 1993-cü ildən başlayır. Belə ki, Azay Quliyev 1998-ci ilədək "Elitar” Gənclər Klubunun və "Azərbaycan Gənclərinin Sülh və Təhlükəsizlik İttifaqı” İctimai Birliyinin sədri olaraq cəmiyyətdə gedən proseslərdə fəal gənc kimi öz töhfəsini verməyə başlayır. Bundan sonra o, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 1999-2008-ci illərdə Azərbaycan Milli QHT Forumunun prezidenti vəzifələrində çalışır. 
 2001-2003-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyinin (GTZ) Azərbaycan nümayəndəliyinin vətəndaş cəmiyyəti üzrə eksperti olan Azay Quliyev 2005 və 2010-cu illərdə 46 saylı Şirvan seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilir.
 
Azay Qulieyv ATƏT çərçivəsində 15-dən artıq ölkədə keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edərək 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri təyin olunur. Onun rəhbərliyi ilə dövlətin vətəndaş cəmiyyətinə dəstəyinin uğurlu mexanizmi olan bu qurum QHT-lərə məlumat, təşkilati-texniki, konsultativ, maliyyə və metodiki yardım etməklə məşğul olur.
 
Bütün bunlarla yanaşı, Azay Quliyevin ictimai-siyasi fəaliyyəti beynəlxalq məcrada da davam edir. O, 2011-ci ildən Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil və Vətəndaş Cəmiyyəti Komitəsinin sədr müavini, 2012-ci ildən isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri QHT-lərinin Forumunun prezidentidir. 2013-cü ildə "Qeyri-Hökumət Təşkilatlarının İctimai-Siyasi Sistemdə yeri: Milli və Beynəlxalq Təcrübə" mövzusunda dissertasiya işi müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alır. QHT sahəsində ilk doktorluq işi olan dissertasiyada vətəndaş cəmiyyətinin vacib tərkib hissəsi sayılan QHT-lərin inkişaf dinamikası, müasir Azərbaycan siyasi elmində QHT institutlarının yeri və rolu araşdırılıb, mövzu beynəlxalq təcrübə müstəvisində geniş təhlil edilib.
Onun ABŞ, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və digər Avropa ölkələrinin nüfuzlu elmi jurnallarında vətəndaş cəmiyyətinin qarşısında dayanan aktual problemlərin təhlilinə həsr edilən 30-dan artıq elmi məqaləsi dərc olunub.
 
Azay Quliyev Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə, Macarıstan, Gürcüstan, Rusiya, Belçika, İsveçrə, Avstriya, Rumınıya, Serbiya və digər ölkələrdə Qarabağ probleminin ədalətli həlli, vətəndaş cəmiyyəti institutları, insan hüquqları, tolerantlıq və digər mövzularda keçirilən konfranslarda məruzələrlə çıxış edib.  Onun müəllifi olduğu 2 qətnamə ATƏT-in Parlament Assambleyasında qəbul olunub.
 
Azay Quliyev, həmçinin 2001-ci ildən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının, 2005-ci ildən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, 2013-cü ildən isə Azərbaycan Respublikasının Avropaya İnteqrasiya üzrə Dövlət Komissiyasının üzvüdür. Hazırda  8 saylı Binəqədi birinci seçki dairəsinin deputatı olan  Azay Quliyevin bu yaxınlarda üç qitənin üzvlərini özündə birləşdirən bir qurumun - ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilməsi Azərbaycan dövlətinin xarici siyasətinin - diplomatiyamızın qalibiyyəti deməkdir. Bu, eyni zamanda, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin beynəlxalq ictimaiyyət tərəfindən etirafının bariz nümunəsidir. Düşünürəm ki, bu, hər bir azərbaycanlının fəxr edə biləcəyi qələbədir.  Bu, Azay müəllimin fədakarlığının, əzimkarlığının və dövlət sevgisinin uğurudur. Bu uğura görə Azay müəllimi təbrik edir, ona bütün işlərində müvəffəqiyyətlər arzulayırıq. Uğurların davamlı olsun, Vətən oğlu!
 
Ceyhun Alışlı
Xəbər 2382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR