Zaman vardı deyərdik ki, təki ölkəmiz bağımsız olsun, onun həbsxanasında belə sevə-sevə yatmağa hazırıq. Biz deyirdik ki, rus işğalından qurtulaq, Azərbaycan kimsənin boyunduruğu altında olmasın, bu Vətənin torpağına qarışıb yox olsaq belə bizi yandırmaz. Bir zamanlar belə deyərdik. Bir zamanlar belə deyərdilər.
Biz yenə də eyni sözü deyir, eyni düşüncəylə hərəkət edirik. Amma bəzi kəslər o zaman dediklərini çoxdan unutmuşlar belə. Elə olmasaydı bu gün Avropadan, bilməm hardan gələn yetmişinci məmurun, ən əhəmiyyətsiz ölkənin belə səfirinin qarşısında ikiqat əyilib öz dövlətindən şikayət edənlər ordusu yaranmazdı.
Şikayətçilərin məsələsinə daha sonra gələcəyik. Amma indilik onların, ümumiyyətlə, şikayət etməyə haqlı olub-olmadığı məsələsinə aydınlıq gətirmək lazımdır.
Hər zaman demişəm və yenə də deməyə davam edəcəm ki, Azərbaycanda istənilən vətəndaşın şikayət etməsi üçün səbəb tapmaq çətin məsələ deyil. İstənilən sahədə hansısa bir qüsurun ucundan tutub ucuzluğa getmək çox asandır bu ölkədə. Bu da səbəbsiz deyil. Çünki bir çox dövlət vəzifəsində, xalq arasında deyildiyi kimi, hırla zırı ayırd edə bilməyən istənilən qədər aşağı və yüksək rütbəli məmur tapmaq olar. Özü də bu məmurlar çox zaman dünyadan xəbərsiz olduqlarından, ətrafda baş verənləri veclərinə alacaq qədər qabiliyyət yiyəsi olmadıqlarından vətəndaşları incidir, ölkədə süni narazılığa səbəb olurlar. Dəfələrlə demişik və yazmışıq, örnək üçün, özünü nəqliyyat müfəttişi adlandıran qoçuların taksi sürücülərini döyməsi, yaxud da yol polislərinin yerli-yersiz pusqu qurub sürücüləri incitməsi, müxtəlif idarələrdə vətəndaşlardan rüşvət alınması istər-istəməz insanları narazı salmalıdır və salır da. Bununla belə onu da qeyd edək ki, ildən ilə bu problemlər həllini tapır və yeni, daha savadlı, ədəbli məmurların iş başına gətirilməsi hesabına insanların bu narazılıqlarını aradan qaldırmaq, vətəndaşa adam kimi xidmət göstərmək üçün imkanlar yaradılır. Ölkə Prezidenti İlham Əliyev şəxsən bu proseslərə başçılıq edir və ən yaxın illərlə müqayisədə bir çox dövlət qurumunda insanlarla insan kimi danışmağı bacaran xeyli sayda yeni məmur işlə təmin olunub. Onlar köhnələrdən, yaxud da dağ başından yenicə enmişlərdən fərqli olaraq məmur etikasının nə olduğunu bilir, buna əməl edir və nəticə etibarilə ölkənin başını aşağı salmır, əksinə, ucaldır. Tək bir örnək verək: ASAN xidmət adlanan xidmətin çox qısa müddət ərzində milyon yarımdan artıq insana xidmət göstərməsi və bu qədər insanın arasında bir nəfərin belə şikayətçi olmaması bizə çox şey deməlidir. Və unutmayaq ki, bu xidmətin təşəbbüskarı, qətiyyətlə arxasında durub tətbiqini gerçəkləşdirən şəxs yenə də Prezident İlham Əliyevdir. Bu isə çox önəmli məqamdır. Çünki ölkə başçısı bu cür məsələlərdə bu qədər qətiyyətli mövqe sərgilərsə, əlbəttə ki, vətəndaşın narazılığı olmaz və şikayət üçün də səbəb yaranmaz. Ancaq anlaşılan odur ki, cənab Prezidentin bu cür xoş məramını baltalayıb Azərbaycanı gözdən salmaq üçün əllərindən gələni edənlər də boş durmurlar. Yuxarıda örnək verdiyimiz tipdən olanları deyirəm. Nə isə, sözümün canı odur ki, bu ölkədə narazılıq üçün səbəblər, təəssüf ki, hələ də qalır. Ancaq işin sevindirici yönü odur ki, şəxsən Prezident İlham Əliyevin özü bu narazılıqları yaradanlara qarşı amansız mübarizə aparır və lazımlı sonuclar da əldə edilir.
İndi gələk narazıların şikayət etməsinə. Ölkə içində şikayət edib öz haqqını tələb edən hər bir kəsə hər zaman sayğı duydum. Çünki bir toplum yüksək dəyərlərə sahib olmaq istəyirsə, onun hər bir fərdi öz haqqını tələb edəcək iradə yiyəsi olmalıdır. Ancaq olmayan yerdən bəhanələr uydurub da şikayətə qalxanları heç cür qəbul edə bilmirəm. Hələ-hələ bu şikayətləri tez-tələsik ölkə içində ictimailəşdirib dərhal Avropaya, Amerikaya üz tutanları yaxın belə buraxmaq istəmirəm. Çünki bu adamların əsas məqsədi heç də ölkədə normal bir düzənin oturuşması deyil, əksinə, qarışıqlıq, başıpozuqluq yaradıb Azərbaycandan şikayət üçün bəhanələr ürətməkdir. Sözümün canı var əlbəttə.
Son günlərin ən çox dartışılan məsələlərindən biri Leyla Yunusova olayı, digəri də “nidaçılar” məsələsidir. Birinciylə bağlı fikirlərimi bir neçə dəfə demişəm və burda da təkrarlayıram: bu şəxs avantüristdir, bütün varlığıyla Azərbaycan dövlətinə nifrət qusur və əlindən gələni edir ki, dövlətimizi (məhz dövlətimizi!) gözdən salsın. Və təəssüflər olsun ki, belə bir avantüristin arxasında olduğunu deyənlər arasında bir zamanların milliyyətçiləri də ara-sıra gözə dəyir! Hələ bu azmış kimi onu “ən cəsarətli türk qadını” adlandıranlar da var! Haralara gəldik, Allah! Və bu “cəsarətli türk qadını” Azərbaycan dövlətinə meydan oxuyur, yanından yel ötsə şou düzəldir, istintaqa dəvəti rədd edəcək qədər dövlətə qarşı qabalıq sərgiləyir! Bizim milliyyətçi kəsimin mənsubları isə yenə də ona haqq qazandırır! İndi bunlara necə izah edim ki, doğru və ya yanlış olmasına baxmaqsızın dövlətimin müstəntiqi bir vətəndaşın ifadəsini almaq üçün yetərli şübhələrə malikdirsə, onu dəvət edib dindirə bilər? Axı ifadə verməklə bu şəxs nə itirə bilər ki?
Və burada bir məqam da diqqətimi çəkir. Şəxsən yaxından tanımadığım və haqqında heç bir fikrim olmayan Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın ölkədən qaçmasını heç cür anlaya bilmirəm. Onun anası Mirvari Qəhrəmanlını çoxdan tanıyıram, sayğım var, ancaq son günlər verdiyi açıqlamaları məqbul saymıram. Sanki bunun qızını asacaqlarmış kimi “mən ölsəm belə ölkəyə qayıtma” deyərək onu təlimatlandırır. Burada istər-istəməz adamın deməyi gəlir ki, soğan yeməmisən, için niyə göynəyir? Əgər Mətanət xanımın hansısa qanunsuz bir əmələ bulaşdığı yoxsa, kimsə ona heç bir şey edə bilməz!
“Nidaçılar” məsələsinə gəlincə, mən bu gənclərin çalışmalarını təqdir etmirəm. Ancaq onu da deyim ki, öz həyat yollarını və mübarizə metodlarını seçmə hüquqlarına da sayğım var. Yalnız o yerə qədər ki, Azərbaycan xalqının milli mentaliteti, kimsədən asılı olmayan bir dövlətçilik ülkümüzə zidd hərəkətlər olmasın! Onların həbsinə gəlincə, iddia edirlər ki, bu iş quramadır. Mümkündürmü? Mümkündür. Yaxud da əksi mümkündürmü? O da mümkündür. Yəni bu tutuqlama və məhkəmə prosesini yaxından izləmədiyim üçün qəti qərar verməyim yanlış olardı. Amma onların tutuqlanma və məhkəmə proseslərinin az qala hər aşamasıyla bağlı ABŞ səfirinin bəyanat verməsi, hətta ABŞ Helsinki Komissiyasının belə məsələyə olağanüstü çevikliklə reaksiya verməsi məndə müəyyən şübhələr oyadır. Yəni demək istədiyim odur ki, əgər doğrudan da onlarla bağlı məhkəmə prosesində hansısa pozuntular baş veribsə, niyə daha yüksək instansiyada bunun davasını etmədən az qala dünyanı ayağa qaldırırsınız? Məgər siz də bizim kimi tam bağımsız Azərbaycan uğruna çalışmırsınızmı? Məgər bu yolda hansısa yanlışların olması mümkün deyilmi? Məgər bu yolda 3-5 nəfərin, lap elə haqsız yerə həbsə atılması çoxmu böyük bir qurbandır? Bəs “təki Vətən yaşasın!”, “Vətən, sənə canım fəda!” hayqırtılarınız harda qaldı?
Təsvir etdiyim bu iki olaydan hərəkət edərək şikayətçilər məsələsinə qayıdıram. Başa düşürəm ki, hər bir insan özünün və başqasının haqqını bütün qanuni və mümkün vasitələrlə aramaqda haqlıdır. Amma Azərbaycan kimi cəmi 22 il yarım müstəqillik ömrü olan, rus işğalından yenicə qurtulmuş, üstəlik Rusiyanın dəstəyilə Ermənistanın işğalına məruz qalan bir ölkədə metro partlatmış bir terrorçunu belə siyasi məhbus elan edib Avropaya, Amerikaya qədər şikayətə gedənlərə nə ad verək? Məgər biz deyilmiydikmi deyən ki, təki Moskvanın dominantlığından qurtulaq, qalanına qatlanmağa hazırıq? İndi nə oldu, rusun Moskvasından qurtulub fransızın, ingilisin, almanın Strasburquna, amerikalının Vaşinqtonuna üz tutursunuz? Yəqin ki, cavabınız bu olacaq ki, ölkədə “repressiv diktatura rejimi” hökm sürdüyü üçün haqqınızı oralarda arayırsınız. İndidən deyirəm, gözünüzün içinə qədər yalan deyirsiniz! Bu ölkədə problemlər var, amma qanun və əxlaq çərçivəsində haqq və özgürlüklərdən yararlanmaq üçün hər kəsə təminat da verilir! Sadəcə olmayan yerdə problem ürətib bəhanə arayanların məqsədi başqadır! Sən əxlaqsızlıq et, gecə-gündüz Prezident başda olmaqla qarşına çıxanı küçə söyüşlərilə söy, ağzına gələni istədiyin yerdə yaz, sonra da toxunan olanda iddia et ki, ifadə azadlığım, siyasi haqlarım tapdandı! Yox elə bir şey! Kimsə buna izn vermək, qatlanmaq zorunda deyil! Özünü ifadə etmək fikrin var, buyur, qanun və əxlaq çərçivəsində et! Hə, bu çərçivəni aşarsan, o zaman da buyur, qanun qarşısında cavab ver! Hüquqi dövlət dediyin dövlətdə işlər belə olur! Buna alışa bilmirsən, alışmaq istəmirsənsə, o zaman, bağışla, dövlət baba səni tərbiyə etməsini də bilir! Və bu tərbiyənin qarşısında nə Strasburq, nə də Vaşinqton sənin dadına çata bilməz! Haqq arayacaqsansa, buyur, öz ölkəndə, öz dövlətində ara! Qüsurlarımız varsa, yenə də buyur, əl-ələ verək onları aradan qaldıraq! Daha dövlətimizi metro partladan terrorçunu belə siyasi məhbus kimi qəbul edən şübhəli şəxslərin və mərkəzlərin ayağına aparma! Aparırsansa, sən bizdən deyilsən!
Aktual.az