Ən bahalı mənzil Bakının hansı rayonundadır? - QİYMƏTLƏR

Ən bahalı mənzil Bakının hansı rayonundadır? -   QİYMƏTLƏR

İyul ayında ilkin yaşayış mənzil bazarında satışa təklif olunan "pod mayak" yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti kvadratmetr üzrə 1116 dollardan -7.17% azalaraq 1036 dollara düşüb. Milli valyuta ilə isə ay ərzində kvadratmetrin dəyəri 1170 manatdan azalaraq 1087 manatda qərarlaşıb.

Aktual.az xəbər verir ki, publika.az-a bunu şərhində "MBA Ltd" qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun rəhbəri Nüsrət İbrahimov deyib. O bildirib ki, hesabat dövründə ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsinin kvadratmetri 1000 dollara qədər olan ucuz mənzillər təşkil edib:

"Belə evlər ümumi portfelin 53.6%-ni təşkil edib. Qiyməti 1000-1500 (kvadratmetri) dollar aralığında olan orta mənzillərə düşən pay isə 38.0%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 765 dollar və 1195 dollardır. Ümumi təklif portfelinin qalan 8.4%-ni isə kvadratmetrinin qiyməti 1500 dollardan yuxarı olan bahalı mənzillər təşkil edir. Burada qeydə alınan orta qiymət isə 2145 dollardır.

Ekspertin sözlərinə görə, hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan "pod mayak" mənzillərin sayında Nəsimi, Xətai və Yasamal rayonlarının payı mütləq çoxluq təşkil edir: "Bu 3 rayonun ümumi təklif portfelindəki payı birlikdə 64.1%-ə bərabərdir: "İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 2-otaqlı təmirsiz mənzildə qeydə alınıb. Səbail rayonunda, "Sahil" metrostansiyası yaxınlığında yerləşən 99 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 2800 dollar olub. Ən ucuz mənzil isə, Sabunçu rayonunda, Zabrat qəsəbəsində olub. Ümumi sahəsi 80 kv.m olan yeni tikili, 2-otaqlı mənzil bazara kvadratmetri 450 dollardan təklif olunub".

Məlum olur ki, son ayda bаzаrdа təklif olunan "pod mayak" mənzillərin ümumi orta sahəsi -8.6% azalaraq 113.58 kv.m təşkil edib. Otaqlar üzrə isə birotaqlı mənzilin ümumi sahəsi ortalama 56.4, ikiotaqlı 90.54, üçotaqlı 128.7, dörd- və beşotaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 185.4 və 190.0 kv.m qeydə alınıb. Təklif üzrə ən çoх paya 2- və 3-otaqlı mənzillər sahibdir, müvafiq olaraq 34.9% və 32.8%. Ay ərzində qiymət üzrə ən çox azalma Sabunçu rayonunda qеydə alınıb, -5.3%.

N.İbrahimov deyib ki, bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1035 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya, yəni 57.2%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.52, orta sahə göstəricisi 113.53, hər otağın orta satış qiyməti 49626 dollar, mənzilin orta qiyməti isə 125058 dollar təşkil еdib.

 
Xəbər 1069 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR