Rusiyada Azərbaycanın dünya şöhrətli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, müğənninin vəfatının ildönümü günü musiqiçinin həyat yoldaşı Tamara Sinyavskaya, Rusiyanın xalq artisti Lev Leşenko, Müslüm Maqomayevin Mədəni-Musiqi Fondunun təsisçiləri Araz və Emin Ağalarovlar, digər bir çox tanınmış simalar, mərhum sənətkarın pərəstişkarları onun heykəlinin önünə gül dəstələri düzüblər.
Daha sonra E.Ağalarovun sahibi olduğu “Zafferano” restoranında musiqiçiyə həsr olunmuş “Müslüm Maqomayev. Birinci şəxsdən” sənədli filminin premyerası keçirilib.
Filmin prodüsseri Emin Ağalarov, quruluşçu-rejissoru və ssenari müəllifi Mehdi Məmmədovdur.
“Müslüm Maqomayevlə bağlı çoxlu filmlər çəkilib. Onun memuarlarını oxuduqdan sonra bunlar əsasında bir ekran işi hazırlamaq qərarına gəldim. Rejissor dostum Mehdi Məmmədovla birlikdə bu çətin işi öhdəmizə götürdük. Filmin əsas ssenarisi onun əlyazmalarından ibarətdir”,- deyə E.Ağalarov bildirib.
Ötən gün Rusiyanın Birinci kanalında film nümayiş olunub.