Yanvarın 23-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyası öz işinə başlayıb. Sessiyanın gündəliyində Avropada media və jurnalistika, habelə ifadə azadlığı məsələləri salınıb.
Sessiyanın ilk günündə bəzi QHT nümayəndələri Azərbaycan əleyhinə təxribata cəhd ediblər. Belə ki, Emin Hüseynov və bir-neçə şəxs Azərbaycanın AŞPA-dakı mandatının ləğv edilməsi tələbi ilə aksiya keçirib və avropalı deputatlar arasında kampaniya aparmağa cəhd ediblər. Bu məsələ hüquq müdafiəçiləri arasında birmənalı qarşılanmayıb.
Hazırda Avropada işgüzar səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov da bu təxribata sərt reaksiya verib: "Bu təxribat cəhdi ilə bağlı hələ keçən ilin sonundan xəbərim var idi. Birmənalı şəkildə bildirirəm ki, Emin Hüseynov və digərlərinin AŞPA-da Azərbaycan əleyhinə təxribat cəhdləri şərəfsiz addımdır. Emin Hüseynov özünün anti-Azərbaycan fəaliyyəti ilə bir-neçə dəfə gündəmə gəlib. Onun bu xislətini ötən ilin Sentyabr ayında Varşavada keçirilən ATƏT toplantısında da gördüm və bildim. Onlar buna mübarizə deyirlər, lakin bu, Vətənə xəyanətdir, dövlətə və xalqa arxadan zərbədir."
Emin Hüseynovun Avropa donor institutlarından qrant almaq üçün bu addımı atdığını bildirən ADİHİ rəhbəri Əhməd Şahidov Avropanın aparıcı institutlarının bu barədə xəbərdar olduqlarını da vurğuladı: "Emin Hüseynov əslində Avropada oturub pul qazanır. Özünü hüquq müdafiəçisi kimi qələmə versə də, əslində o, bizneslə məşğuldur. Öz ölkəsini pisləməklə, dövlətə qarşı fəaliyyət göstərməklə qrant əldə edir. Onun bu çirkin niyyəti barədə Avropadakı bir çox qurumun xəbəri var. Ona görə də, Emin Hüseynov son cəhdlərini edərək, daha həyasız və iyrənc üsullara əl atır. Biz buna heç cür yol verə bilmərik. Çünki, AŞPA Azərbaycanın öz haqq səsini dünyaya çatdırmaq üçün əsas tribunalardan biridir. Məhz Strasburqda Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasəti ilə bağlı mühüm çıxışlar və görüşlər olur. Emin Hüseynov və digərlərinin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınacaq."