Miniatur ustası, Əməkdar rəssam Fəxrəddin Əli 84 yaşında vəfat edib.
Bu barədə APA-ya sənətşünas Ziyadxan Əliyev məlumat verib.
Qeyd edək ki, Fəxrəddin Əli Vəli 1938-ci ildə Zəngəzur mahalında anadan olub. 1958-ci ildə Bakı Rəssamlıq Məktəbinə, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutuna daxil olub.
1969-cu ildə institutu bitirən gənc rəssamın "Babək" qobeleni diplom işi Moskva XTN sərgisində qızıl medala layiq görülüb.1970-ci ildə "Həyatın gözəlliyi" adlı tablo ilə respublika sərgisində iştirak edib. Onlarla yağlı boya ilə çəkilmiş əsərləri respublikada və xarici ölkələrdə nümayiş etdirilib. M.Şəhriyarın "Heydərbabaya salam", "Dədə Qorqud", Nizami Gəncəvinin "Xəmsə"si, Saib Təbrizinin "Mehr və müştəri", Nəsrəddin Tusi, Füzuli, Aşıq Veysəl, Yunus Əmrə, M.F.Axundov, M.P.Vaqif, Əliağa Vahid və başqa sənətkarların əsərlərinə, Azərbaycan muğamlarına çəkdiyi miniatürlər, "Şəhidlər" xalçası, şəxsi portretlər, Türkiyə mövzusunda əsər və bir neçə kitabın müəllifidir. Əsərləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, eləcə də ölkəmizdə və xaricdə muzeylərdə saxlanılır.
Allah rəhmət eləsin!
Xəbər 808 dəfə oxunub.