Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanovanın vəziyyəti yaxşılaşmağa doğru gedir
Aktual.az xəbər verir ki, bu barədə ölkə.az-a hazırda aktrisanın evində olan jurnalist İradə İsaq məlumat verib. Həmkarımız bildirib ki, Salmanovanın durumu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də müraciət edib:
"İlk gündə yamyaşıl qusmuşdu. Biz onu ayağa qaldırdıq, evi səliqəyə saldıq, bazarlığını elədik, paltarını dəyişdik. Mənim yerimə kim olsaydı, bunları edərdi. Qohum-əqrəbası yoxdur. Bir bacısı var, xəstədir, yaşlıdır. O da özünü güclə hərləyir. Gülnar xanımın nitqində problem var, zarıya-zarıya danışır. Mədəniyyət və Turizm Nazirliyi bizə hər cür kömək etməyə hazırdır. Sadəcə, dövlət orqanlarına müraciət etmək istəmirəm. Gülnar xanım adi köməklə özünə gələ bilər. Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev də hər cür kömək etməyə hazır olduğunu bildirib. Əgər bu cür ayağa qalxmasa, mütləq kömək edəcəklər. Əliqismət müəllim kifayət qədər kömək edib. Hətta bir dəfə onun yaşadığı evin qapısını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları açıblar".
İradə İsaq bildirib ki, son üç gündə əməkdar artist Kübra Əliyevadan savayı heç bir həmkarı Gülnar Salmanovaya baş çəkməyib:
"Hərənin öz şəxsi işi, düşüncəsi var. Allah məni gətirib bura çıxartdı. Gülnar xanıma 24 saat yanında olan baxıcı, dializə getmək üçün sürücü tutulmalıdır. Çıxır küçəyə, hansısa taksiyə əl edir, bəziləri saxlamır. Ötən dəfə bir nəfər taksiyə qoyub evə gətirmişdi. Qonşular danışır ki, bir dəfə qapını açıb içəri girə bilmirmiş. Yaxşı qonşuları var. Amma hamısı kömək etməlidir. Bilirlər ki, burada bir xəstə qadın yaşayır. Kiminsə xətrinə dəymək istəmirəm. Bildiyimə görə, bir müddət öncə bəzi sənət yoldaşları gəlmişdilər. O gün də Kübra xanım Əliyeva bir qazan isti sup və qarabaşaq bişirib gətirmişdi. Son üç gündə başqa sənət yoldaşını görməmişəm. Mənə təəssüfləndiklərini yazanlar olub.
Gözləri də görmür. Başına bir iş gəlsə, zəng vura da bilməyəcək. Gözləri çox zəif görür. İşıq yanır, elə bilir ki, qaranlıqdır. Sizin vasitənizlə Gülnar xanımın həmkarlarına çağırış edirəm ki, bu günlərdə ona ən azı mənəvi dəstək olsunlar. Onun yaxşılaşması üçün hələ ki böyük məbləğə ehtiyac yoxdur. Özü də prezident təqaüdü alır, oğlu kömək edir. Sadəcə, mənəvi dəstək olsunlar. Əgər görsək ki, ehtiyac var, özüm Səhiyyə Nazirliyinə də müraciət edəcəyəm".
Xatırladaq ki, Gülnar Salmanova xərçəng və şəkərli diabetdən əziyyət çəkir.