Əmək Müfəttişliyi hesabat verdi- 3 işçi cəzalandı

Əmək Müfəttişliyi hesabat verdi- 3 işçi cəzalandı

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) əmək qanunvericiliyinə əməl olunmasına və işçi hüquqlarının təminatına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində cari ilin 9 ayında görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az - a verilən xəbərə görə, iclasda Xidmətin rəisi Fuad Əlizadə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2015-ci ilin ötən dövründə ölkəmizdə əldə olunan mühüm nailiyyətləri diqqətə çatdırıb. F.Əlizadə milli iqtisadiyyatın dinamik inkişafı şəraitində dövlət başçısının tapşırığına uyğun olaraq, əmək bazarına nəzarətin daim gücləndirilməsinin, əmək hüquqlarının etibarlı müdafiəsinin əsas fəaliyyət prinsipinə çevrildiyini vurğulayıb:

“Cari ilin 9 ayı ərzində bu istiqamətdə nəzarət tədbirləri davam etdirilməklə yanaşı, sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi, işəgötürənlər arasında əmək qanunvericiliyi ilə bağlı ardıcıl təbliğat-maarifləndirmə işlərinin aparılması da diqqətdə saxlanılıb. Aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi, hesabat dövründə ayrı-ayrı müəssisələrdə dövlət nəzarəti və vətəndaşların müraciətlərinin araşdırılması zamanı aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın azalaraq 13 202-yə enib. Bu hüquq pozuntularına daha çox topdan və pərakəndə ticarət, ictimai iaşə, avtomobillərin təmiri, emal, tikinti və s. sahələrdə yol verildiyi müəyyən olunub”.

Qeyd olunan hüquq pozuntuları ilə bağlı görülən tədbirlərə də toxunan Xidmət rəisi bildirib ki, həyata keçirilən dövlət nəzarətinin əsas məqsədi əmək qanunvericiliyinə əməl olunması sahəsində yol verilən hüquq pozuntularının aradan qaldırılmasını təmin etməkdir:

“Bu baxımdan hesabat dövründə iş yerlərində aşkar edilmiş hüquq pozuntularının, işçilərin əmək hüquqlarının pozulması hallarının böyük əksəriyyətinin aradan qaldırılmasına nail olunub. Aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilərək, onların icrası nəzarətə götürülüb. Həmçinin bir çox hallarda belə hüquq pozuntularının işəgötürənlərin müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən baş verdiyi nəzərə alınaraq, onlara hüquqi izahatlar verilib”.

F.Əlizadə bildirib ki, son illərdə əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtlı-vaxtında ödənilməsinə nəzarət artırılıb. Əmək kollektivlərində aparılan ardıcıl maarifləndirmə tədbirləri zamanı da işçilər belə hallarla rastlaşdıqları təqdirdə məhz DƏMX-ə müraciət etməli olduqları barədə məlumatlandırılır:

“Bu işlərin nəticəsi kimi, işçi vətəndaşlarda Xidmətə inam xeyli artıb. Cari ilin yanvar-sentyabr aylarında həm dövlət nəzarəti, həm də vətəndaşların aidiyyəti üzrə müraciətləri ilə əlaqədar görülən tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çox, yəni 1502739 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Bu məbləğin 93,6 faizini (1407267 manat) əmək haqları, qalan hissəsini isə işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, zərərə görə ödənclər təşkil edib”.

Həmçinin işdən qeyri-qanuni azad olunan 16 nəfərin yenidən öz əvvəlki işinə bərpa olunduğunu qeyd edən F.Əlizadə iş yerlərində əməyin mühafizəsi norma və standartlarının yerinə yetirilməsinə nəzarətin gücləndirildiyini də vurğulayıb. O, bildirib ki, Xidmət tərəfindən cari ilin yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, aprel və sentyabr aylarında isə “Təhlükəsiz iş aylığı” keçirilib:

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində hələ də mövcud olan nöqsanların aradan qaldırılmasına yönələn həmin tədbirlər çərçivəsində ölkənin demək olar ki, bütün bölgələrində işəgötürənlərlə, əmək kollektivləri ilə görüşlər keçirilib. Onlar əməyin mühafizəsi norma və standartları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə dolğun şəkildə məlumatlandırılıb. İstehsalat qəzası riski yüksək olan iş sahələrində əmək şəraitinin təhlükəsizliyi vəziyyətinin qiymətləndirilməsi üçün nəzarət tədbirləri həyata keçirilərək, bu sahədə nöqsanların aradan qaldırılması, bir sıra müəssisələrdə əvvəllər dözülməz olan iş şəraitinin yaxşılaşdırılması, istehsal qəzalarıının qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi təmin olunub”.

F.Əlizadə ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının 30 faiz azalaraq 112-yə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayının 92 faiz azalaraq 2-yə enməsinə, habelə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayının 35 faiz azalmasına səbəb olduğunu da vurğulayıb.

İclasda hesabat dövründə görülən işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Müsbət göstəricilərlə yanaşı, dövlət nəzarəti tədbirlərinin təşkili və həyata keçirilməsində yol verilmiş nöqsanlardan da bəhs olunub. Tədbirdə vəzifələrinin icrasında ciddi nöqsanlara yol verən 18 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisinə və həmin Müfəttişliyin iki baş əmək müfəttişlərinə töhmətin verilməsi barədə qərarlar qəbul edilib.

Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR