Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
Fonddan verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 4 mln. 248 min 753 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 3 mln. 862 min 356 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 47 min 294 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 763 min 466 manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 9 mln. 921 min 869 manatdan artıq kompensasiya ödənilib.
Fond ictimaiyyətin nəzərinə çatdırır ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.
Fond məlumat üçün bildirir ki, 1 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
2 mart 2016-cı il tarixdən əvvəl illik 12%-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.