“Üzən məzənnə rejiminə keçid idxalın kəskin azalmasına səbəb olmalıdır”.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.
E. Rüstəmov qeyd edib ki, manatın yeni qiyməti, onun dinamikası valyuta balansında olan gərginliyi əhəmiyyətli şəkildə azaldacaq. "Optimist ssenarimizə əsasən, bütövlükdə, idxal kəskin azalmalıdır. Bura kritik idxal aid deyil. Dəbdəbəli malların, zinət əşyalarının idxalına qarşı rüsum siyasəti sərtləşdirilməlidir. Məsələn, qonşu Türkiyə bu cür addım atıb. Biz bazarlarımızı qorumalıyıq, iqtisadi metodlarla idxalı məhdudlaşdırmalıyıq. Təbii ki, kimsə dəbdəbəli malları ölkəyə idxal etmək istəyirsə, böyük rüsumlar ödəməlidir, həmin rüsumlar da büdcəyə getməlidir", - deyə baş bankir bildirib.
Baş bankir qeyd edib ki, ixracın stimullaşdırılması istiqamətində də zəruri addımlar atılmalıdır: "Məsələn, ixracatçılar üçün ucuz kreditlərin verilməsi, onlar üçün əlavə güzəştlərin müəyyən olunması istiqamətində işlər görülür".
***
“Bank sektorunda situasiya stabildir və bunu sübut edən başlıca amillərdən biri bank sektorunun kapital adekvatlığıdır”.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.
E. Rüstəmov qeyd edib ki, beynəlxalq praktikada bu göstərici 8%-dir, lakin bu gün Azərbaycanın bank sektorunda bu rəqəm 17% təşkil edir.
“Bankların likvidliyi bu gün 2 dəfədən yuxarıdır. Bu baxımdan, bank sistemimiz sabit sistemdir. Biz mütəmadi olaraq sektorun stress-testləşməsini aparırdıq. Stress-testlərin nəticələri göstərir ki, bu gün bank sektoru hətta üzən məzənnə rejimində dayanıqlılıq nümayiş etdirir. Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətlə qeyd edirəm. Bütövlükdə, əmanətlərin 80%-i xarici valyutadadır və onlar məzənnə dəyişikliyindən yaxşı sığortalanıb”, - deyə baş bankir bildirib.
***
“Manatın əsas bazar dəyərini tapmaq olduqca mühümdür”.
Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.
“Manatın tələb və təklif ətrafında formalaşan real məzənnəsi tədiyyə balansımızın tarazlığına gətirməlidir, bu, bizim güddüyümüz başlıca məqsəddir. Digər tərəfdən, bu, imkan verəcək ki, biz ölkənin strateji valyuta ehtiyatlarını qoruyub saxlayaq. Qeyd etdiklərim makroiqtisadi amillərdir. Bizi isə ən çox düşündürən mikroiqtisadi amillərdir. Söhbət milli iqtisadiyyatımızın rəqabət qabiliyyətindən gedir. Bu, imkan verir ki, yerli istehsalımız, ixracımız stimullaşsın, idxalımız isə məhdudlaşsın. Bu da imkan verəcək ki, biz iqtisadi artımımızı, məşğulluğumuzu yaxşılaşdıraq. Bizim əsas pinsipial hədəfimiz bundan ibrətdir", - deyə E. Rüstəmov qeyd edib.
Aktual.az