54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi qeydə alınmayan bəstəkar-müğənni Elza Seyidcahanın deputatların 3 ay bundan əvvəl təsdiq olunması barədə açıqlaması mətbuatda geniş əks-səda doğurub.
O qeyd edib ki, namizədliyini irəli sürdüyü dairədən ona təzyiqlər olub, məcbur ediblər ki, namizədliyini geri götürsün. Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında bunların bəhanə olduğunu qeyd edib:
“Elza Seyidcahana rayon təşkilatında dəfələrlə deyilib ki, partiya rəsmi qaydada həmin dairə üzrə namizədini irəli sürüb. Ona da partiyanın üzvü kimi namizədliyini geri götürməsi məsləhət görülüb. Amma namizədliyini irəli sürüb və imza toplaya bilmədiyi üçün qeydiyyata alınmayıb. Mərkəzi Seçki Komissiyası, məhkəmə, aidiyyəti qurumlar var, əgər hesab edirsə ki, hüquqları pozulub, buyurub öz hüquqlarının bərpası üçün müraciət edə bilər”.
Elza Seyidcahan ona kimlərin deputat olacağı ilə bağlı siyahının göstərildiyini deyib.
“Bu təxribat və təzyiqlər artıq bir neçə gün idi ki, başlamışdı. Mənə inadla təklif edirdilər ki, namizədliyimi geri götürüm. Onlar icra aparatının nümayəndələri idi. Əgər oktyabrın 9-da, günün yarısınadək mənim şikayətim təmin olunmazsa onların adları, tutduqları vəzifələri barədə mətbuata açıqlama verəcəm”.
Elza Seyidcahan Şabran-Siyəzən seçki dairəsindən namizdəliyini irəli sürən, hazırki deputat Tahir Süleymanovu kəskin tənqid edib.
“Tahir Süleymanov YAP-ın üzvü olsa da, həmin partiyadan qətiyyən məlumatı yoxdur. YAP-ın üzvü olub, ona layiq olmayan xeyli şəxslər var.
Məlum oldu ki, mənə qarşı təxribat törədən elə birinici odur. Dairədən mənə bildirdilər ki, “qanımızı tökəcəyik, amma Tahir Süleymanovu qutudan çıxardacayıq. Bu, nə deməkdir?! Tahir Süleymanov səs toplayacağımı bilib mənə şər-böhtan atmaqdan çəkinmir”.